BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan gəncləri daim axtarışdadır, yenilik arxasınca getməyi sevirlər" - RƏY

Xalqın qədim tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, milli adət-ənənələri Azərbaycan gənclərinin milli kimliyinin formalaşmasında mühüm rola malikdir. Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Əhalinin mühüm bir hissəsini təşkil edən gənclərin hər keçən gün cəmiyyətdə çəkisi və rolu artır, onların dinamikliyi daha çox diqqəti cəlb edir. 

 

Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə deyib ki, 40 il ali məktəblərdə dərs deyib, həmişə gənclərlə bir yerdə olub, onlara hislərini, duyğularını, arzu, niyyətlərini, Vətən qarşısında borclarını başa salıb:

Nizaməddin Şəmsizadə: “İlham Əliyev nəinki Azərbaycanın, hətta Turanın  lideri olmağa layiqdir” Pravda.az

"Bir zamanlar mən də Azərbaycan gəncliyindən narazı olmuşam. Lakin onlar 44 günlük Vətən müharibəsində gülə-gülə şəhidliyə getdilər. Bu, ancaq türk inancına, Azərbaycan xalqının gənclərinə məxsus mərdlikdir. Buna görə gənclərimizə təşəkkür edirəm. Amma bu, eyforiyaya çevrilməməlidir. Müasir gənclərin arasında mənim öz övladlarım da olub, indi də nəvələrim bu yaş həddindən keçir, tələbə, magistrdırlar. Ümumiyyətlə, əvvəlki nəsillərin heç biri sonradan gələn nəsildən razı olmayıb. Sonradan gələn nəsil də həmçinin əvvəlki nəsli bəyənməyib. Magistraturada oxuyan nəvəm iqtisadçıdır. Ondan heç bir şikayətim yoxdur, amma mən ona demişəm ki, səni bir yuxu, bir də telefon yıxacaq. Gənclərimizi telefondan, Avropa qaydalarından uzaq tutmaq lazımdır. "Avropanın gəncləri" mövzusunda məqaləm çıxıb. Yazmışam ki, Avropa vaxtilə orta əsrlərdə Şərq mədəniyyətini gözəl mənimsəyib, amma deməyib, "bu, Şərqindir", deyib, "bizimdir". Hətta böyük alman filosoflarından biri deyib ki, ümumdünya tarixi Şərqdən Qərbə gəlib. Yəni Şərq Qərbə çox şeylər verib. Təbii ki, dini nəzərdə tutmuram. Biz türk millətiyik. Türk gəncləri dünyanın ən məharətli, cəsur gəncləridir. Bugünkü gənclərin xoşuma gəlməyən bir tərəfi adət-ənənələrə laqeyd olmalarıdır. Avropanın oyunlarına meyil edirlər. Avropa nədir? Avropanın mədəniyyəti yoxdur. Onlar xaça istinad edərək İslam dünyasına hökm etmək istəyirlər. Xaçı Avropaya türklər gətirib. Qədim türklərdə, xüsusilə Hun imperiyasında xaç günəşin rəmzi idi. Onlar günəşə "Tanrı" deyirdilər. Düzdür, indi İslamofobiyadan danışırlar. Mən gənclərimizin İran islamçılığının ardınca gedib xurafata, cəhalətə, fanatizmə inanmağımın qəti əleyhinəyəm. İslama qədər türklərin 16 imperiyası olub. Bu, böyük sivilizasiya deməkdir. Türklər 5 min ildir, millət kimi yaşayır, hətta bəziləri 7 min il deyirlər. Belə bir böyük millətin varisiyik. Gənclər özlərinə sual versinlər ki, "biz bu boyda böyük tarixi kökə malik millətə layiqli varislərik?" Birmənalı şəkildə "yox". Bu gün Azərbaycan cəmiyyətində qarışıq nikahlardan doğulanlar, hətta ermənini müdafiə edən adamlar var. "Çoxmillətli" deyə bir termin mövcuddur. Asif Əfəndiyev yazır ki, çoxmillətli xalq olmur, xalq elə millət deməkdir, çoxmillətli ölkə olur. Biz ermənilər kimi milli şovinizm tərəfdarı deyilik: "tək millət olsun, ancaq özümüz olaq". Azərbaycan da çoxmillətli, tolerant ölkədir və bunu dana bilmərik. Dövlətimizin əsas strategiyası tolerant cəmiyyətdir. Dünya bunu bəyənir".

 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev isə deyib ki, gənclər daim axtarışdadır, yenilik arxasınca getməyi sevirlər: 

"Heç nədən qorxmadan, çəkinmədən cəsarətlə "startup"ları reallaşdırmaq üçün gecəni gündüzə qata bilirlər. Bu baxımdan gənclərimizi bacardığımız qədər düzgün tərbiyə etməliyik, onlara daha faydalı bilgilər ötürməyi bacarmalıyıq. Bütün bunlarla yanaşı adət-ənənələrimizin qorunub saxlanılması, gənclərimizin milli vətənpərvər ruhda yetişmələri üçün maraqlı layihələr həyata keçirməyə çalışmalıyıq. Əvvəlki dövrlərdən fərqli olaraq Qərbin tətbiq etdiyi ideoloji mübarizə metodlarından biz də istifadə etməliyik. Yəni dastanlarımızı, hekayələrimizi, nağıllarımızı, folklorumuzu yalnız kitablardan yox, həm də vizual şəkildə aşılaya bilək. Maraqlı çizgi filmlər, sənədli və bədii filmlər ortaya qoyaq. Biz qardaş Türkiyəyə baxsaq, görərik ki, demək olar, son illər Osmanlı, türk tarixini özündə əks etdirən seriallar, bədii tarixi filmlər çəkə biliblər. Heç tarixçi olmayan türklər, türk dövlətlərinin vətəndaşları bu filmlərə baxır, az-çox Osmanlı, türk tarixini öyrənirlər. Adət-ənənələrimiz də məhz belə filmlər vasitəsilə gənclərə ötürülə bilər. Çalışmalıyıq ki, bu boşluğu mütləq dolduraq".

 

N.Həmzəyev bəzi gənclərin xarici ölkələrə üz tutmalarından da danışıb: "Bu gün dünyanın bir çox ölkəsinə gənclərin səfər etmələri, iş axtarmaları istiqamətində tədqiqatlara rast gələ bilərik. Düşünürəm, bu, normaldır. Çünki gənclər daha cəlbedici ölkələrə, universitetlərə, çoxmaaşlı iş yerlərinə getməyi seçirlər. Məncə, bundan qorxub, çəkinmək lazım deyil. Gənclər nə qədər dünyaya çox yayılsalar, o qədər yaxşıdır. Bu, onların güclənmələrinə, inkişaf etmələrinə böyük töhfə verər. Çalışmalıyıq ki, xaricdə yaşayan, təhsil alan gənclərimizin ən azından 1/3-i ölkəmizə geri qayıtsın, Azərbaycandakı kadr boşluğu həll edilsin. Azərbaycan dövləti bununla əlaqədar olaraq bir çox maraqlı layihələr həyata keçirir. Artıq əvvəlki dövlərdən fərqli olaraq gənclərin iş tapmaları, xüsusilə savadlı, bilikli gənclərin əmək bazarında rəqabətə dözə bilmələri üçün məhz məşğulluq məsələləri istiqamətində işlər görülür. Ancaq bununla kifayətlənmək olmaz. Beyin köçünün qarşısını almağa çalışmalıyıq. İnanıram ki, bu işlərin də öhdəsindən gələcəyik. Necə ki, 44 günlük Vətən müharibəsində Qarabağı görməyən, orada heç vaxt olmayan, yalnız valideynlərinin ağzından Qarabağ haqqında məlumatlar eşidən bu gənclər torpaq uğrunda canlarını fəda verdilər, şəhid, qazi oldular. Milli ruh ölkəmizdə yüksək səviyyədədir. Amma buna arxayın olmamalıyıq. Bütün aidiyyəti qurumlar yeni yanaşmalar ortaya qoymalıdırlar. Təbliğat işlərini gücləndirməliyik ki, bizi istəməyən bizə qarşı qruplaşmalar yetişdirən xarici dairələrin təsiri altında olan qüvvələr bu boşluqdan istifadə edib gənclərimizi əlimizdən ala bilməsinlər. İnanıram ki, Azərbaycan dövləti, hökuməti bunları yaxşı bilir. Qətiyyən kənara çəkilməməliyik, çalışmalıyıq ki, Azərbaycanın daha da güclənməsi naminə məsuliyyətimizə, öhdəmizə düşən işləri görək".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 23 Mart 2024, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin