BURADA REKLAMINIZ OLA
BİLƏR

İlahiyyatçı: “Azan səsləri kafe sahiblərinin alverinə xidmət edirsə, yeməyə dəvət aləti kimi istifadə edilirsə, bu, dələduzluqdur”

Bakının mərkəzi yerlərində, xüsusilə “Tarqovı”da fəaliyyət göstərən bir sıra məşhur restoranlarda Ramazan ayı ilə əlaqədar iftar zamanı yüksək səslə Azan verilir. Azan səsinin restoran xaricinə də yayılması vətəndaşların bir qisminin narazılığına səbəb olub. Sosial şəbəkələrdə buna etiraz edənlər bildirirlər ki, restoran məscid deyil, il boyu musiqi səsləndirən restoranların Ramazan ayında Azan vermələri yalnız reklam üçün hesablanmış addımdır. 

 

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Pravda.az-a açıqlamasında deyib ki, Azan müsəlmanları ibadətə səsləmək üçün çağırışdır: “Yəhudilərdə də Azan var. Xristianlar zəng çalaraq ibadətə çağırırlar. Bu çağırışların özünəməxsus müsbət tərəfləri var. Hətta ibadət etməyən adamlar da kilsədən zəng, məsciddən Azan səsini eşidərkən əgər günah iş görürlərsə, dərhal Allah yadlarına düşür, əl saxlayır, bir anlıq düşüncəyə dalırlar, mənəviyyatlı adamdırlarsa, düz yola gəlirlər. Ancaq bunlara rəğmən Azan veriləndə gərək elə formada oxunsun ki, başqalarını narahat etməsin, qıcıq yaratmasın, məhəbbət, rəğbət yaratsın. Adamları normal Azan səsi narahat etmir. İranlı müəzzin, mərsiyəxan kimi tanınmış bir şəxsin Azan oxuma səs yazısı əsasən illərdir, dəbdədir və əksər məscidlərdə o səsləndirilir. Bəli, tamamilə səhv, ərəb dilinin qrammatik qaydalarına əks, “Quran”ın təcvid, məqamat və qiraət metodlarına uyğun olmayan, dində qadağan olunan “ğina” adlanan təhrif üsulda, “Zəminxarə” muğamı üstündə oxunan bu “Azan” insanları nəinki “Tarqovı”da, hər yerdə narahat edir. Əvvəla, niyə öz müəzzinlərimizin səs yazısı verilmir? Əgər yoxdursa, müsəlman ölkələrin gözəl səsli müəzzinlərinin səs yazısı var. Gərək, mütləq İrana səcdə edələr? Camaatı qınamaq olmaz, çoxu anlamır ki, oxuyan düz oxuyur, yoxsa səhv? Təhrif edir, yoxsa təqdir? İkinci tərəfdən isə hansı müəzzinin səsi olursa-olsun, onu camaatı narahat edəcək yerlərdə oxutmaq doğru deyil. Baxmaq lazımdır ki, indi Azan oxunan həmin yerlərdə əvvəllər musiqi, yaxud başqa melodiyalar səslənirdimi? Əgər olubsa, o zaman Azana da etiraz etmək olmaz. Yaxud Azanın səsi bar və diskotekaların guppultusundan çox çıxırsa, bu zaman balansı qorumaq üçün səsi azaltmaq lazımdır. Ən əsası isə bu oxunan Azan səsləri Allaha, İslama yox, kafe sahiblərinin alverinə xidmət edir, pul qazanmaq üçün əzan səsini yeməyə dəvət aləti kimi istifadə edirlərsə bu, analoqu olmayan dələduzluqdur. Din və dinin rəmzləri insanları narahat etmək, alver alətinə çevrilmək üçün deyil. Məsciddə Azan oxunur, hamının da saatı var, telefonunda saat var. Orta əsrlərdə yaşamırıq ki, iftar vaxtını Azan oxunanda bilməyək. Hamının telefonunda da Azan səsi var, vaxtı çatanda oxuyur. Əgər həmin əraziyə yaxın məsciddən Azan səsi yüksələrsə, başqa kefe, restoranlarda Azan oxumağa, yaxud kaset oxutmağa lüzum yoxdur”. 

 

Aytəkin Qardaşova 

Tarix: 27 Mart 2024, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin