BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə hər zaman öz töhfəsini verib" - RƏY

Bu gün dünyada mövcud olan müasir mürəkkəb ekoloji vəziyyət, ətraf mühitə antropogen təsirlərin artması bəşəriyyət qarşısında ciddi problemlər yaradır. Ekoloji böhran təkcə elmi, texnoloji tərəqqinin nailiyyətləri nəticəsində deyil, həm də təbiətə göstərilən münasibətdə mühüm dəyərlərin itirilməsi nəticəsində baş verir. Azərbaycan dövləti bu cür ekoloji problemlerin qarşısını almaq, təhlükəsiz ekoloji mühit formalaşdırmaq istiqamətində mühüm addımlar atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi də buna bariz nümunədir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Eyni zamanda yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə davamlı olaraq dəstək verir. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, hazırda qlobal problemlərdən ən vacibi ekologiyanın gündən-günə daha da çirklənməsidir: 

“Bəşəriyyətin qarşısında aciz qaldığı bu vəziyyətin çıxış yollarından biri məhz ekoloji şüurun, təbiəti sevən düşüncə ekosisteminin formalaşmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə hər zaman öz töhfəsini verib. Dövlətimizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Azərbaycan dövləti enerji siyasətinin prioritetlərindən biri kimi yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəql olunması sahəsində elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyib. Eyni zamanda COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bu sahədəki fəaliyyətinə  böyük hörmət və etimadın bariz nümünəsidir. Ölkəmiz milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə  bundan sonrada öz töhfəsini əsirgəməyəcəkdir”. 

 

Ekoloq Rövşən Abbasov isə hesab edir ki, “Yaşıl dünya naminə həmrəylik ili” başlıca olaraq işğaldan azad olunmuş ərazilərdə yeni yaşıl proqramların həyata keçirilməsi ilə yadda qalacaq: 

Ekspert Kürdə suyunun azalmasının səbəbini AÇIQLADI

“Bildiyiniz kimi, uzun illər işğal altında qalan ərazilərimizdə əvvəllər mövcud olmuş milli parklar dağıdılıb, çox qiymətli ağac növləri məhv edilib. Məsələn, min illik Şərq çinarları kəsilib, meşələr qırılıb, harada gəldi mədənlər işə salınıb, geniş ərazilər talan olunub. Bu ərazilərin bərpası əsas gündəmdə olan məsələlərdən biridir. Eyni zamanda həmin ərazilərdə yeni qorunan ərazilərin, yasaqlıqların, milli parkların yaradılması çox vacibdir. Bilirik ki, həmin ərazilər çoxmeşəli ərazilərdir, orada biomüxtəliflik kifayət qədər zəngindir. Yaşayış mövcud olan şəhərlərimizdə yaşıl ərazilərin, səkilərin genişləndirilməsi, bağların, parkların sahələrinin artırılması, mövcud olanların daha yaxşı qorunması üçün müxtəlif işlərin görüləcəyini gözləyirəm. Qarşıdan COP 29 gəlir. Ölkəmizə çoxlu turistlər axın edəcək. Bakı şəhərində səkilərin yaxşılaşdırılması üçün də çox işlər görülməlidir. Avtomobillərin azaldılması, ictimai nəqliyyatın gücləndirilməsi fonunda ətraf mühitə atılan istixana qazlarının azaldılması üçün xeyli iş görülməsi vacibdir”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.  

  

Aytəkin Qardaşova 

 

Tarix: 30 Mart 2024, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin