BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mühacir alveri” edən şirkət rəhbərinə daha bir cinayət əməlinə görə hökm oxundu

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “HMH Baku Travel” MMC-nin direktoru Nərminə Dadaşova və tanışı Akif Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, “HMH Baku Travel” MMC-nin direktoru Nərminə Dadaşova və tanışı Akif Əsədovla cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirib.

 

Belə ki, onlar bu məqsədilə Şəki şəhər sakini, zərərçəkmiş R.Kərimovu Fransada daimi yaşamaq hüququ əldə etməsi üçün viza düzəldəcəyinə köməklik göstərəcəyinə dair yalan vədlər veriblər. Bu niyyətlə onlar həmin şəxsdən 2017-ci ilin dekabr ayının sonlarında Şəki şəhəri ərazisində yerləşən "Gülab evi” adlanan kafedə 9000 manat və 2018-ci ilin fevral ayının əvvəllərində isə Şəki şəhəri ərazisində yerləşən "Təzə Bazar" adlanan yerin yaxınlığında 2000 manat olmaqla ümumilikdə 11000 manat məbləğində pulu alıb ələ keçiriblər.

 

Şəki Rayon Məhkəməsinin hökmü ilə Nərminə Dadaşova 8 il və Akif Əsədov isə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

 

Qeyd: Həmin şəxslər daha eyni əməllə təqsirli bilinərək həbs ediliblər.  

 

İttihama görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərminə Dadaşova 8 il 6 ay və Akif Əsədova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

 
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
 

Xatırlatma: Digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb.

 

Ramin Hacılının işinə ayrı icraatda baxılıb və o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 2 Aprel 2024, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin