BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ayrı-ayrı dəmir yolu marşrutlarının xarici şirkətlərə icarəyə verilməsi məsələsini gündəmə gətirin" - ADY sədrinə TƏKLİF

"Beşinci ildir ki, dayandırılan Bakı - Balakən dəmir yolu marşrutu bu il də istifadəyə verilməyəcək. Ötən gün Azərbaycan Dəmir Yolları (ADY) rəsmisinin müsahibəsini diqqətlə oxudum. Lakin gözlədiyimin əksinə olaraq, müsahibədəki cari və perspektiv işlərlə bağlı hissədə Bakı -Balakən dəmir yol xəttindən ümumiyyətlə söhbət getmir. Hansı ki, əvvəlki açıqlamalarda daxili imkanlar hesabına məhz bu istiqamətdə işlərin sürətləndiyi və ən yaxın müddətdə istifadəyə veriləcəyi açıqlanırdı. Görəsən ADY-nin qərarlarının tez-tez dəyişilməsinə hansı amillər təsir edib?"

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

 

Ekspert xatırladıb ki, bir neçə gün öncə hökumət uzun illərdən sonra ilk dəfə olaraq Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulan ADY-nin büdcədən subsidiyalaşması məsələsini yenidən gündəmə gətirib: "ADY-nin vuruşaraq hökumətdən az da olsa vəsait əldə edə bilməsi də diqqət çəkəndir. Amma burada söhbət yalnız şəhərətrafı sərnişindaşımadan gedir. Əgər hökumət uzun illər daxili sərnişindaşımaya pul tapmayıbsa, Qarabağda aparılan bərpa işlərindən sonra bu sahəyə vəsaitlər ayıracağı da dumanlı görsənir. ADY -nin daxili imkanları, 5 ildir ki, dayandırılan və yararsız vəziyyətə düşən bütün daxili xətlərin, Bakı -Balakən, Bakı -Astara, Bakı -Qazax, Bakı -Yalama və s. xətlərin  bərpasına imkan verəcəkmi? Müsahibədən isə bütün bunların ağlabatan olmadığı görsənir. Hələlik görünən odur ki dəmir yolunda prioritet sərnişindaşıma deyil, yükdaşımadır. Belə görünür ki, yaxın perspektiv üçün üfüqdə Bakı - Balakən və eləcə də digər daxili marşrutların açılması gözlənilmir. ADY də pul, vəsait tapmır. Belə olan halda isə biz, son zamanlar yetərincə aktiv olan ADY rəhbəri Rövşən Rüstəmova təklif edərdik ki, ayrı-ayrı dəmir yolu marşrutlarının xarici şirkətlərə icarəyə verilməsi məsələsini gündəmə gətirsin".

Tarix: 4 Aprel 2024, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin