BURADA REKLAMINIZ OLA
BİLƏR

Payızda Azərbaycanda nə baş verə bilər?

Sentyabrda dünya ölkələrində gərginliyin yaşanacağı ilə bağlı proqnozlar səslənməkdə davam edir. Bu proqnozlar müxtəlif rakurslardan əsaslandırılır. İnqilabların, küçə aksiyalarının, hakimiyyət çevrilişlərinin payız fəslində daha çox baş verdiyi yönündə əsaslandırmalar kifayət qədərdir.

 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bunları nağıl sayır: “Sentyabr mifi və əfsanəsi haqda illərdir danışılır və həmişə də bu nağıl fiaskoya uğrayır. İndi isə bəzi siyasilər – təbii, əgər onlara siyasi demək mümkünsə - ehtimallarını guya koronavirusdan sonra baş verəcək aktivləşmə ilə əsaslandırmağa çalışırlar və anons verirlər ki, yay bitən kimi siyasi gedişatda dəyişiklik olacaq. Amma niyə olacaq, necə olacaq, bax bunu demirlər. Anonsu verən də kimlərdir? Gültəkin kimi avantüristlər. Bu adamlar hələ gedib düşdükləri bataqlıqdan çıxmağı bacarsınlar, videokonfranslarda sərgilədikləri rəzilliklərin açıqlamasını versinlər, sonra başlarını belə ciddi işlərə qatarlar. Abır yox, həya yox, etika yox. O boyda hadisə oldu, o boyda ifşaedici video-material yayıldı, saytlar və sosial şəbəkələr üzərindən tirajlandı, amma adamlar utanıb yerin dibinə girmək əvəzinə, yenə abstrakt çevriliş havasına giriblər.

 

Milli Şuradan istefa vermək əvəzinə, xəstə təxəyyüllərinə rəvac veriblər. Üstəlik, çox maraqlıdır, radikallar kimə güvənərək bütün bu addımları atırlar? Hansı mənbəyə, məntiqə söykənərək məlum hərdəmxəyal ehtimallarını söyləyirlər? Əllərindəki əsas ideologiya sütunu olan “söyüş müxalifətinəmi”? Cəmil Həsənlinin Amerikadan yürütdüyü məsafəli siyasətəmi? Yoxsa, videokonfranslardakı çıxışlardan süzülən söyüşlərəmi, təhqirlərəmi, səviyyəsizliyəmi? Axı tərəflərindən başqa icraat yoxdur. Fəaliyyətləri ilə bağlı vurğulanası başqa xüsusat yoxdur. Ortada görünən başqa tablo yoxdur. Xalq adına, xalqın maraqlarına uyğun söylədikləri nəsə varmı? Bəlkə var, biz bilmirik? Gültəkindən ilk öncə onu soruşmaq lazımdır ki, ümumən hakimiyyət dəyişikliyi deyərkən hansı ölkədəki dəyişikliyi, ələlxüsus da hansı ilin sentyabrını nəzərdə tutub? Adam min yerə işləyir, min diplomatla oturub durur, sövdələşir, yüz ölkəni, yüz dövləti özününkü bilir. Bəlkə söhbət heç bizdən getmir? Bəlkə özünün ipi hansı ölkənin əlindədirsə, özü hansı ölkənin kəşfiyyatına işləyirsə, elə o ölkələrin birindən gedir söhbət? Sentyabrdan çox da sentyabr var. Sentyabrda hansısa gərginlik ola biləcəyi ilə bağlı fikirlər cəfəngiyyatdır”.

 

 

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli  belə fikirləri irəli sürənlərə diqqət yetirilməsinin vacibliyini vurğuladı: “Sentyabrda bütün dünyada gərginliyin ola biləcəyi ilə bağlı ehtimallar əsasən koronavirus pandemiyasından sonra daha qabarıq hiss olunacaq qlobal iqtisadi böhran və onun doğura biləcəyi sosial problemlərlə bağlıdır. Bəllidir ki, COVİD-19 xəstəliyinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, fövqəladə hal və xüsusi karantin rejimlərinin tətbiqi insanların sağlamlıqlarının qorunmasına, onların həyati təhlükəsizliklərinin təmin edilməsinə xidmət etsə də, nəticədə bu tədbirlərin həyata keçirildiyi bütün dövlətlərin iqtisadiyyatına zərbə vurub, iş yerlərinin itirilməsinə gətirib çıxarıb. Koronavirusla mübarizənin davam etdiyi və virusun yayılmasının pik həddinin yaşandığı zaman kəsiyində əksər dövlətlər vətəndaşların sosial problemlərinin həllinə, onların minimum ehtiyaclarının ödənilməsinə, COVİD-19-la mübarizə tədbirlərinə, iş yerlərinin qorunub saxlanılmasına külli miqdarda vəsaitlər xərcləyiblər. COVİD-19-la mübarizə dönəmində xərclər artıb, gəlirlər isə virusun yaratdığı iqtisadi tənəzzül və böhran səbəbindən maksimum azalıb. Digər tərəfdən, bütün dünya ölkələrində vətəndaşlar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, evdə qalıblar, yaxud az hərəkət ediblər. Amma bununla yanaşı, həyati təhlükə kimi ən kəskin psixoloji təzyiq qarşısında immun sistemlərinin möhkəmləndirilməsi üçün daha sağlam qidalanmağa, sanitariya-gigiyena qaydalarına əməl etməyə çalışıblar və təbii ki, bu halda müəyyən bir mərhələni adlatmaq üçün daha öz ehtiyatlarını xərcləmək məcburiyyətində qalıblar. Dövlətlər kimi insanların da xərcləri artıb və gəlirləri azalıb. Bəziləri məhz bu amilləri əsas götürərək bəzi ekspertlər və siyasi qruplar koronavirusun yayılma təhlükəsinin qarşısının alındığı, fövqəladə hal və xüsusi karantin rejiminin yumşaldığı, ictimai-siyasi, iqtisadi fəallığın artığı zamanda – bunun əsasən payız aylarına təsadüf edə biləcəyi ehtimal olunur – bütün dünyada gərginliyin yarana biləcəyini proqnozlaşdırırlar. Amma unudulan ən önəmli bir məqam var: Problem qlobal xarakter daşıyır! Eyni zamanda unudulur ki, postpandemiya dövründə milli dövlətlərin möhkəmlənməsi prosesi sürətlənəcək, virusdan öncə effektiv olan siyasi və geosiyasi təzyiq elementləri əvvəlki təsir imkanına malik olmayacaq. Deməli, daxili proseslərdə xarici amillərin rolu minimuma enəcək ki, bu da çox önəmli faktordur.

 

Azərbaycana gəldikdə isə, ölkəmizdə hələ pandemiyadan xeyli öncə iqtisadi-siyasi, hüquqi, kadr və struktur islahatlarına başlanılıb və bu proses də getdikcə dərinləşməkdədir. Pandemiya dövrü sübuta yetirdi ki, dövlətin ən kritik vəziyyətlərdə çevik qərarlar qəbul etmək və həyata keçirmək üçün bütün imkanları var. Digər tərəfdən, Azərbaycanda bu müddət ərzində vaxt itkisinə yol verməyərək, postpandemiya dövrü üçün ciddi tədbirlər həyata keçirilib. İndiki şəraitdə qlobal böhranın ölkəmizdə həyata keçirilən islahatların daha da sürətlənməsinə təsir göstərəcəyi qənaətindəyəm. Çünki ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar və bu islahatlardan qaynaqlanan dəyişikliklər dövlət başçısının siyasi iradəsindən qaynaqlanır. Eyni zamanda bu islahatlar və dəyişikliklər üçün ciddi sosial sifariş, sosial dəstək və münbit şərait var. Proses zəruridir və geriyədönüşü yoxdur. Buna görə də Azərbaycanın qlobal böhrandan uğurla və daha güclü çıxacağına şübhə etmirəm. Son günlər Milli Şura adlanan qurumun “videoqeybət” formatında keçirilən konfranslarında səslənən yekə-yekə iddialara gəldikdə isə, düşünürəm ki, ilk növbədə bu iddiaların kimlər tərəfindən irəli sürüldüyünü nəzərə almaq lazımdır. Əlində heç bir təsir mexanizmi olmadığı halda millətə “getsin, hoppansın...” deyən birilərinin ən yaxşı halda “hoppanmaq” barədə proqnozlarını müzakirə etmək olar. Çünki düşərgədən-düşərgəyə, ideyadan-ideyaya, daha nə bilim nədən nəyə hoppanmaq təcrübələri var”.Musavat.com

Tarix: 22 May 2020, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin