BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prius”la qəza törədən tələbə cəzasının yüngülləşdirilməsini istəyir

Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törətməkdə təqsirləndirilən Hüseynağa Xıdırovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 25-nə təyin edilib.

 

Şikayət hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

O, cəzasının yüngülləşdirilməsini istəyir. 

 

Xatırlatma: Qaradağ Rayon Məhkəməsinin hökmü ilə H.Xıdırova 5 il 1 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca həbs edilib. Onun cəzasının bitməsindən sonra 2 il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.

 

İttihamda qeyd edilib ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi olan Hüseynağa Xıdırov dərsdən kənar vaxtlarda icarəyə götürdüyü və şəbəkələrdən birinə qoşulmuş “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərib. O, avtomobillə “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mehriban Musayevanı vurub. Nəticədə qadın hadisə yerində ölüb. 

 

Mərhumun anası məhkəmədə bildirib ki, əri 2009-cu ildə vəfat edib və qızı hadisədən bir neçə gün əvvəl “Meyvəli” ticarət mərkəzində işləməyə başlayıbmış. O, sürücüyə ağır cəza verilməsini tələb edib.

 

H.Xıdırov isə tələbə olmasını, ilk dəfə cinayət törətməsini əsas gətirərək barəsində yüngül cəza verilməsini istəyir. O, mərhumun ailəsinə dəymiş zərərə görə 5 min manat ödəyə biləcəyini deyib. Lakin qarşı tərəf bu məbləği qəbul etməyib.

 

Kamal Məmmədov

Tarix: 23 Aprel 2024, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin