BURADA REKLAMINIZ OLA
BİLƏR

Palma yağlarının fəsadları nədən ibarətdir? - ARAŞDIRMA

Son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı gavalı boyda qırmızı meyvənin bərk qabığının altında yerləşən lifli meyvə ətindən alınır. Bütün dünyada dondurma, şokolad, çips, hazır sıyıqların, eləcə də peçenye, vafli, tortlar və s. kimi un məmulatlarının istehsalında palma yağından geniş istifadə olunur və hazırda market rəflərində bir çox məhsulların ayrılmaz tərkib hissəsinə çevrilib. Son dövrlər müzakirəyə səbəb olan əsas mövzulardan biri isə palma yağının insan səhhətinə vurduğu zərərlərdir. 

 

Pravda.az-ın palma yağı barədə araşdırması zamanı məlum olub ki, qidanın tərkibində palma yağını gizlətmək üçün bitki yağı, yaxud palma turşusu kimi adlar yazılır. Element 11 və 15 nömrəli kodlarla da qeyd olunur. Məlumatlara görə, keyfiyyətli palma yağı narıncı-qırmızı rəngdə və qatı olur. Bu yağ 30 dərəcədən yuxarı temperaturda maye şəkildə olur, dondurduqda isə kreməbənzər hal alır. Krem halında onu marqarin, ya da kərə yağı ilə qarışıq salırlar. 

 

Palma yağının zərərləri 

 

Bu yağın zərərləri arasında piylənmə, qlobal miqyasda xroniki xəstəliklərin inkişafı, ürək çatışmazlığı, həzm problemi, damar genişlənməsi, hətta xərçəng kimi xəstəliklərin adı hallanır. Bütün bunların fonunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləməsi zamanı çıxışı müzakirəsiz ötüşmədi. Sədrin dediyinə görə, bugünədək Azərbaycanda palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib, digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğu, maliyyə baxımından ucuz başa gəldiyi üçün palma yağından qida sənayesində geniş istifadə olunur. Sədrin yanaşmasından yola çıxaraq məsələni geniş sferada araşdırmağa çalışdıq. Bu da məlum oldu ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2019-cu ildə dərc etdiyi hesabatında ekspertlərin nəticəsinə görə, palma yağı insan orqanizmi və təbiət üçün qlobal miqyasda zərərlidir. Onlar palma yağının istehsal və satış sənayesinin miqyasını hətta birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə ediblər. ÜST ekspertləri tərəfindən aparılmış təhlilə görə, dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqə mövcuddur. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərləri barədə xəbərdarlıq etmişdi. 

 

Palma yağının faydaları və zərərləri

 

Palma yağı və Azərbaycan 

 

Əvvəlcə qeyd edək ki, Hindistan, İndoneziya, Malayziya, Braziliya və Afrika ölkələrində yetişən palma ağacının meyvəsindən hazırlanan palma yağı Qoşqar Təhməzlinin də dediyi kimi, ən ucuz bitki yağıdır. Məhz bu səbəbdəndir ki, palma yağının istifadə arealı ildən-ilə artır. Statistikaya görə, dünyada il ərzində, təxminən, 50 milyon ton  palma yağı istehsal olunur. Bu yağın Azərbaycana idxalını bir əsr əvvələ qayıdaraq araşdırdıq. Məlum oldu ki, ilk dəfə 1961-ci ildə Sovet İttifaqı İndoneziyadan 583 ton palma yağı idxal edib. Səbəb kimi isə kərə yağı defisitinin yaranması göstərilib. Sovet İttifaqı dövründə Azərbaycana 1979-cu ildə palma yağı 105 220 ton həcmində idxal olunur. SSRİ-nin süqutuna qədər palmanın idxal həcmi beləcə 6 rəqəmlə davam edir. Ən rekord göstərici isə 1989-cu ildə 429 624 ton olub. 1991-ci ildə isə Azərbaycana 107 990 ton palma yağı idxal edilib. Oxucularımızı rəqəmlərlə çox yormamaq üçün ölkəmizə palma yağı idxalı ilə bağlı müstəqilik dövrünün son iki ilini araşdırdıq. Rəsmi statistikaya görə, 2022-ci ilin ilk 4 ayında Azərbaycana 38 milyon 131 min dollar dəyərində 24 min 219 ton, 2023-cü ilin yanvar-aprel aylarında isə 14 milyon 675 min dollar dəyərində 11 min 849 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.  2023-cü ildə ölkəyə daxil olan yuxarıdakı rəqəmlərin 5 min 937 tonu Malaziyanın, 5 min 911 tonu isə İndoneziyanın payına düşür. 

 

Ekspertlər və rəsmilər palma yağı barədə nə deyirlər? 

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, məişətdə istifadə olunan yağlara, xüsusilə palma yağına münasibətdə müxtəlif fikirlər var: 

"Hər kəs öz baxışına görə əsaslandırmalar aparır. Bu sahə ilə məşğul olan mütəxəssislərin fikirləri daha maraqlıdır. Çünki bəzi insanlar heç bir təcrübəsi, sahəyə aidiyyəti olmadan kiminsə dilindən eşitdiklərini geniş şərh edir, məşiət yağları barədə şübhə yaradırlar. Sözsüz ki, yağların tərkibi müxtəlifdir. Onların istehsalında keyfiyyətin yaxşılaşdırılması üçün müəyyən maddələrdən istifadə edilə bilər. Bu, o demək deyil ki, bütün yağlar ziyanlı, insanların həyatı üçün tam təhlükəlidir. İdxal zamanı və istehsal edilərkən yağlar müəyyən analizlərdən keçirilir, laboratoriyalarda tərkibi müəyyənləşdirilir, sonra satışa çıxarılır. Mənşəyi məlum olmayan qidaların satışa çıxarılıması halları var. Müvafiq orqanlar tərəfindən qiymətləndirilir, lazımi tədbirlər görülür. Bu günlərdə Milli Məclisdə geniş dinləmə keçirildi. Dinləmə müvafiq dövlət orqanlarının nümayəndələrinin, eləcə də AQTA və onun sədri Qoşqar Təhməzlinin hesabatı xarakteri daşıyırdı. Komitə ilə birgə keçirilən dinləmədə həmçinin sahə ilə əlaqəli olan QHT-lərin rəhbərləri, mütəxəssislər iştirak etdilər. Əlbəttə, səslənən fikirlərin çoxunun əsası var. Bu gün bazarda tərkibi dəyişdirilən yağlar satılır. Palma yağının istifadəsində də müəyyən nöqsanlar, problemlər olması mümkündür. Bu, idxal zamanı yol verilən nöqsanlardan irəli gələ bilər. Çünki gətirilən yağların tərkibi tam müəyyən olunmalıdır. Mənfi hallar varsa, deməli, fəaliyyətdə nöqsanlara yol verilib. Qoşqar Təhməzli bu sahədə yaxşı mütəxəssisdir. Əlbəttə, onun fəaliyyəti dövründə gördüyü işlər bilavasitə bu sahənin canlandırılmasına yönəldilib. Bu gün insanların sağlamlığı, onların səhhətinin qorunması dövlətin başlıca vəzifəsidir. Hər birimiz bu vəzifənin məsuliyyətini bilməliyik. Qoşqar müəllim geniş auditoriyada palma yağı barədə fikir söyləyirsə, deməli, nəyəsə əsaslanır. İnsanlar arasında təşviş yaratmaq, əsassız fikirlər söyləmək yersizdir. Çünki yağların istifadəsində də qaydaların gözlənilməsi vacibdir. Mütəxəssislər tərəfindən deyildi ki, bitki yağında mal əti, toyuq əti, kartof və s. qızardılırsa, ikinci dəfə eyni yağdan istifadə etmək insan orqanizmi üçün çox ziyanlıdır. Yağlardan düzgün istifadə qaydaları geniş təbliğ edilməli, insanlar maarifləndirilməlidirlər".

 

Palma yağı ilə bağlı məsələni tez-tez gündəmə gətirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə qeyd etdi ki, Tahir Rzayevin bəhs etdiyi dinləmədə o da iştirak edib:

"Palma yağı barədə uzun illər mənim də fikirlərim mənfi olub. Lakin 5 il əvvəl Braziliyada istehlakçı hüquqlarını qoruyan təşkilatların dünya konqresində iştirak edəndə bu məsələni gündəmə gətirdim. Məlum oldu ki, palma yağı iki mənbədən hazırlanır. Biri palmanın meyvələrindən, digəri isə onun dənələrindən. Palmanın meyvəsindən hazırlanan yağlar qida üçün normal yağlardır. Müsəlman ölkəsi olan İndoneziya və Malayziyada istehsal olunur, ucuz başa gəlir. MDB məkanında palma yağına qarşı ciddi media basqısı həyata keçirilir ki, duru yağ bazarına ucuz yağ daxil olmasın. Hətta ən həssas qida sayılan və İsveçrədə istehsal olunan körpə qidalarının tərkibində də palma yağının olması barədə yazını görə bilərik. Qida məqsədilə gətirilən palma yağları Azərbaycanda istifadə olunsa da, bu, istehsalçılar tərəfindən gizlədilir. Təsadüfi deyil, bir ay öncə bir neçə spred yağın etiketini təhlil edib, Qoşqar Təhməzliyə məktub ünvanlamışam ki, bu yağların üzərində "bitki yağı" yazılıb. Hansı yağdan söhbət getdiyini bilmək istehlakçının hüququdur. Güman edirəm ki, palma yağıdır, lakin bunu gizlədirlər. Buna görə də iş aparırıq ki, palma yağının mövcudluğu malların üzərinə yazılsın. AQTA-dan rəsmi cavab aldım ki, bununla məşğul olacaqlar. Bu yaxınlarda Filippindən açıq satışdan palma yağı alıb gətirmişəm, bizim ofisimizdə var. Açıq satışda qida məqsədilə satılır. Palma yağı ilə bağlı dolaşıq fikirlərə son qoyulmalıdır. Əlbəttə, sənaye üçün hazırlanmış palma yağlarının qida sahəsində istifadəsi düzgün deyil. Düşünürəm, AQTA bu məsələyə ciddi nəzarət edir. Doğrudur, mən qida eksperti deyiləm, istehlakçı hüquqlarını qoruyan şəxsəm. Bəzi qida ekspertlərinin şifahi olaraq daha ciddi dəlilləri var. Xahiş edirəm, qida ekspertləri məsələni aydın şəkildə ortaya qoysunlar ki, cəmiyyətə də aydın olsun. Mənim və AQTA-nın fikirlərindən fərqli fikirlər varsa, gərək, onları dəqiq incələyək". 

 

Eyyub Hüseynovun da dediyi kimi, qida mütəxəssisinin də fikirlərin öyrəndik. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova müzakirələri belə şərh etdi:

Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir? - Sağlam Qida

"Bir çox məhsulların tərkibində palma yağından istifadə olunmasının əsas məqsədi palma yağının daha ucuz, asan əldə edilməsi, eyni zamanda tərkibində palma yağı olan məhsulların rəf ömrünün uzun olmasıdır. Bununla yanaşı, bir çox fərqli məhsulların tərkibində palma yağından istifadə edilə bilir. Təbii halda palma yağı A, E vitaminləri, doymamış yağ turşuları ilə zəngin olsa da, bu gün daha çox sənaye üsulu ilə emal, rafinə edilmiş palma yağları istifadə edilir. Bu palma yağlarının gündəlik qida məhsulu kimi istifadəsi insan orqanizmində bir çox fəsadlara yol aça bilir. Xüsusilə, palma yağı daha yüksək temperaturda əriyir, digər bitki yağları isə yüksək temperaturda xarab olur. Yəni palma yağı uzun müddət xarab olmur, yüksək temperatura dayanıqlıdır. 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Agentliyinin apardığı elmi araşdırmalar nəticəsində məlum olub ki, davamlı, gündəlik palma yağından istifadə edən və normanı keçən insanların həyatı, sağlamlığı üçün müəyyən təhlükələr yaranır. Nəzərə alsaq ki, bu gün paketlənmiş qidaların əksəriyyətində palma yağından istifadə olunur. Xüsusilə, bir çox restoran və iaşə obyektlərində qızartma yeməklərdə bu yağlardan istifadə edilir. Hətta paketlərin üzərində konkret palma yağı göstərilməsə də, bu, hidrogenləşdirilmiş bitki yağı, yaxud digər fərqli adlarla əvəz edilir. Belə olan halda, insanlar günlük normanı nə hesablayırlar, nə də miqdarını bilirlər. Bu isə nəticədə bir çox xəstəliklərin, xüsusilə, ürək-damar xəstəliklərinin, piylənmənin artmasına, gəncləşməsinə səbəb olur. Ümumiyyətlə, insan orqanizmi üçün enerji mənbəyi olan yağ yaxşı olar ki, faydalı, keyfiyyətli mənbələrdən əldə olunsun. Bura təbii heyvan mənşəli yağlar, insan orqanizmi üçün faydalı olan bitkilərdən hazırlanmış yağlar daxildir. Məsələn, istehlakçılar zeytun yağından istifadə edərək yağa olan günlük tələbatı ödəsələr, yaxşı olar. İnsan orqanizmi 20 yaşa qədər inkişaf prosesində olduğu üçün həmin yaşda insanların qəbul etdikləri keyfiyyətsiz yağlar, eləcə də qidalar, tərkibində qida maddələri olmayan məhsullar orqanizmin inkişafdan geri qalmasına və müəyyən xəstəliklərin erkən yaşda yaranmasına səbəb olur. Buna görə mütləq şəkildə mənşəyi bəlli olan, keyfiyyətli yağların qəbuluna diqqət etmək lazımdır. Artıq dünyada aparılan araşdırmalarda deyilir ki, xüsusilə, palma yağını istehlak edən ölkələrdə ürək-damar xəstəliklərinin sayı artıb. Bir çox ölkələrdə, demək olar, palma yağının istifadəsinə qadağa qoyulub. Palma yağı uşaq qidalarında da istifadə olunur. Bu qidalar da artıq müəyyən ölkələrdə qadağan edilib. Yaxud istehlakçının doğru seçim edə bilməsi üçün paketlənmənin üzərində "palma yağı yoxdur", "palma yağı tərkibli hər hansı yağdan istifadə edilməyib" kimi ifadələrə yer verilir. Palma yağından həddindən artıq istifadə edən insanların orqanizmində "pis xolesterin" kimi bilinən LDL-nin səviyyəsini yüksəldir. "Yaxşı xolesterin" dediyimiz HDL-nin səviyyəsini isə sürətlə aşağı salır. Nəticədə, bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu, həkimlərin çıxışlarında, eyni zamanda dünya alimlərinin apardığı araşdırmalarda göstərilib".

 

Aytəkin Qardaşova 

Tarix: 30 Aprel 2024, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin