BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prius”la qəza törədən tələbə azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törətməkdə təqsirləndirilən Hüseynağa Xıdırovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Qaradağ Rayon Məhkəməsinin çıxardığı 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, onun cəzası 4 ilə endirilib. Hüseynağa Xıdırov cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək. O, azadlığa buraxılıb.

 

Xatırlatma: Qaradağ Rayon Məhkəməsinin hökmü ilə H.Xıdırova 5 il 1 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca həbs edilib.

 

İttihamda qeyd edilib ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi olan Hüseynağa Xıdırov dərsdən kənar vaxtlarda icarəyə götürdüyü və şəbəkələrdən birinə qoşulmuş “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərib. O, avtomobillə “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mehriban Musayevanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

 

Mərhumun anası məhkəmədə bildirib ki, əri 2009-cu ildə vəfat edib və qızı hadisədən bir neçə gün əvvəl “Meyvəli” ticarət mərkəzində işləməyə başlayıbmış. O, sürücüyə ağır cəza verilməsini tələb edib.

 

H.Xıdırov isə tələbə olmasını, ilk dəfə cinayət törətməsini əsas gətirərək barəsində yüngül cəza verilməsini istəyir. O, mərhumun ailəsinə dəymiş zərərə görə 5 min manat ödəyə biləcəyini deyib. Lakin qarşı tərəf bu məbləği qəbul etməyib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 14 May 2024, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin