BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: “Xalqın gözü tərəzidir” - VİDEO ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib.

 

Pravda.az xəbər verir ki, qəbul Rüstəm Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədardır.

 

Görüşdə Prezident bildirib ki, dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar:

 

Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz. Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Əvvəlki dövrlərdə də böyük təcrübə toplamışdır. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcəkdir. Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında işləyib, indi isə Xəzər rayonunda icra hakimiyyətinin müavini kimi işləyir. Yəni, bugünkü təyinat da mənim dediyim sözlərin təsdiqidir: təcrübə və gənclərin novatorluğu. Bax, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi - bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir.

 

Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır.

 

Bir sözlə, sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır. Çünki indiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, “Xalqın gözü tərəzidir”, - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz".

 

 

Tarix: 4 Dekabr 2019, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin