BURADA REKLAMINIZ OLA
BİLƏR

Taksi sürücülərinin imtahanı müzakirə yaratdı - “10% sürücü tələblərə cavab verəcək, belə hallarda rüşvət faktoru önə çıxır”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin taksi sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçəcəkləri, sonda DİM tərəfindən imtahan ediləcəkləri barədə açıqlaması müzakirəsiz ötüşməyib. Buna etiraz edənlər bildirirlər ki, taksilərin fəaliyyəti onsuz da məhdudlaşdırılıb, yeni qaydalar ölkədə işsizlərin sayını daha da artıracaq. Bəziləri isə bu qərarı “yeni rüşvət qapısı” adlandırıb... 

 

Sosioloq Elçin Bayramlı isə Pravda.az-a açıqlamasında deyib ki, taksi sürücülərinin imtahan edilmələri prinsip etibarilə, düzgün qərardır. 

Milli Məclisdə gündə boş-boş, mənasız dəyişikliklərlə nə demək istəyirlər  ki?" Pravda.az

“Çünki dünyanın bütün nümunəvi ölkələrində bu sistem tətbiq olunur. Taksi nəqliyyatı da ictimai nəqliyyat formalarından biri sayıldığına görə sürücülər həm psixoloji cəhətdən sağlam olmalıdırlar, həm peşəkar sürücülük vərdişlərinə yiyələnməli, insanlarla davranış qaydalarına riayət edəcək səviyyədə olmalıdırlar. İmtahan keçirilməsi normal haldır, lakin Azərbaycan reallığı ilə götürsək, təbii ki, sürücülərin çoxu bu tələblərə cavab verməyəcək. Söhbət təkcə Bakıda minimum 50-60 min taksi sürücüsündən gedirsə, əminəm ki, maksimum 20%, bəlkə də, 10% sürücü bu tələblərə cavab verəcək. Ciddi problemlər yaranacaq. Bəli, belə hallarda bizdə rüşvət faktoru önə çıxır. Amma bu, məsələnin ideal tərəfidir. Texniki tərəfini isə belə izah etmək olar ki, imtahanlar tam şəffaf şəkildə keçirilməli, normal tələblər qoyulmalıdır. Yüksək tələblər qoyulmamalıdır, çünki taksi sürücüləri intellektual və ya super peşəkar kəsim deyil. İmtahanların gedişi ən azı internetdə mütləq şəkildə canlı yayımlanmalıdır. Belə olmasa, heç bir şəffaflıqdan söhbət gedə bilməz. Təbii ki, burada əməlli-başlı rüşvət faktoru rol oynayacaq. İmtahanlar yalnız açıq qaydada, jurnalistlərin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilməlidir”. 

 

Sosioloq başqa bir təklif də irəli sürüb: “Sürücülük vəsiqəsinin də Azərbaycanda necə alındığı məlumdur. Əminəm ki, sürücülük vəsiqəsi olan minimum 90% şəxslər yol hərəkəti qaydalarını bilmirlər. Sadəcə, avtomobili bir qədər idarə etməyi bacarırlar, vəssalam. Bu, xüsusilə, ictimai nəqliyyatda yolverilməzdir. Həmin sürücülər də sürücülük vəsiqəsi üçün təkrar imtahan verməlidirlər. Təbii ki, zərrə qədər “kənar faktor” olmamalıdır. Hökumət həqiqətən də taksi sistemini düzəltmək, nümunəvi qayda-qanun yaratmaq istəyirsə, yuxarıda dediklərimiz olmalıdır. Əks halda, problemin həlli heç nəzəri cəhətdən də mümkün deyil. Sadəcə, insanlara daha çox problem yaradacaq, taksilərin qiyməti qalxacaq, insanlar işsiz qalacaqlar. Bu isə məsələnin həlli yox, vəziyyəti ağırlaşdırmaqdır. Adi şəkər xəstələrinə, infarkt keçirmiş şəxslərə də sürücü işləmək olmaz. Onlar istənilən anda çətin vəziyyətə düşə bilərlər və nəticədə insan tələfatı qaçılmaz olar. Məsələn, narkoloji testlərin keçirilməsi, düzgün sağlamlıq arayışı. Hazırda sürücülərin hamısının sağlamlıq arayışı var? Əminəm ki, 99% pul verib, yoxlamadan keçmədən arayış alıb. Düzgün sağlamlıq arayışı, şəffaf sürücülük vəsiqəsi imtahanı və psixoloji hazırlıq - əsas bu üç şərt yoxlanılsa, heç bir problem qalmaz. Şərtlərə cavab verənlər taksi fəaliyyətinə buraxıla bilərlər”. 

 

E.Bayramlı hesab edir ki, rahat şəkildə “Bakıda ictimai nəqliyyat yoxdur” sözünü demək mümkündür: “Bütün dünya ölkələrində tamvaylar, trolleybuslar və s. kimi nəqliyyat sistemi var. Bakı isə dünyada yeganə iri şəhərdir ki, burada yalnız bir növ yerüstü ictimai nəqliyyat mövcuddur, o da avtobusdur. Bu biabırçılığın yükünü isə taksilər aradan qaldırır. Taksilər olmasa, yaxud az olsa, Bakıda çox acınacaqlı vəziyyət yaranar. Taksi sürücülərinin sayı çox deyil. Çox və az nisbi anlayışlardır. Mövcud bazarın tələbi qədər taksi sürücüsü var. Say bu qədərdirsə, deməli, tələb də bu qədərdir. Hökumət  taksiləri bahalaşdırmaq, sayını azaltmaq məqsədi güdməməlidir. Təkrar edirəm, taksidə işləyənlərə normal şərtlər qoyulmalıdır. Belə etsələr, deməli, bu sahəni düzəltmək istəyirlər və düzəldəcəklər. Məqsəd bu deyilsə, onda həmişəki kimi heç nə dəyişməyəcək”. 

 

Aytəkin Qardaşova 

Tarix: 31 May 2024, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin