BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyinin vəsaitini mənimsəyən şirkət rəhbəri bəraət istəyir

Bakıda 9 milyon manat mənimsəmədə ittiham olunan “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 3-nə təyin edilib.

 

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

 

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Üzeyir Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, əlavə olaraq Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum olunub.

 

İttihama görə, təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon 353 min manat vəsaiti mənimsəyib.

 

İttihamda o da göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərinin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1 milyon 800 min manatlıq yeyintidə ittiham olunur.

 

Üzeyir Həsənova qarşı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 3 İyun 2024, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin