BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk dövlətləri vahid valyuta yarada bilərlərmi? - AÇIQLAMA

“Türk dövlətlərində vahid valyutanın yaradılması ideyası yaxın gələcəkdə o qədər də real görünmür. Əslində, türk dövlətlərinin vahid valyutasının yaradılması ideyası dəfələrlə dilə gətirilib. Ancaq bilirsiniz ki, bu, o qədər də asan məsələ deyil. Bunun üçün iqtisadiyyatların bir-birinə tam inteqrasiyası, mümkün risklərin tam öyrənilməsi, hesablanması önəmlidir. Əks təqdirdə, bir dövlətdə baş verən hər hansı iqtisadi proses - böhran və ya inkişaf avtomatik olaraq digər dövlətlərə də təsir edəcək. Xüsusilə, türk dövlətlərinin iqtisadiyyatını nəzərdən keçirsək, görərik ki, hər birində fərqli özünməxsusluq var, fərqli modelə üstünlük verilib. Elektron ticarətin daha populyar olması ehtimalını nəzərə alsaq, klassik pul vahidi yaratmaqdansa, türk dövlətlərinə məxsus ortaq kriptovalyuta yaratsaq, daha yaxşı olar. Bu, daha cəzbedici və perspektivlidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Naqif Həmzəyev deyib. 

Avropa Şurasına üzv ölkəni hansısa qeyri-demokratik rejimlərə bir sıraya  qoymaq ədalətsizlikdir - Naqif Həmzəyev Pravda.az

Deputat həmçinin vurğulayıb ki, son illər Türk Dövlətləri Təşkilatları (TDT) birlikdə böyük layihələr reallaşdırırlar: “TDT-yə üzv olan ölkələr arasında iqtisadi, siyasi, mədəni - bütün sahələrdəki əlaqələr daha da güclənməkdədir. Xüsusilə, Qarabağ Zəfərindən sonra Türkiyə-Azərbaycan münasibətlərini əsas götürərək Orta Asiyadakı türk qardaşlarımızın da bu münasibətlərdə böyük töhfələr verdiklərinə şahidlik edirik. İkitərəfli, çoxtərəfli münasibətlərin inkişaf etməsi hər birimizi sevindirir. Ötən illərdə yaranan xüsusi investisiya fondu birgə layihələrin reallaşdırılmasına və təşviqinə birbaşa xidmət etmiş olacaq. Həmçinin orta dəhlizin gücləndirilməsi üçün məhz TDT-yə üzv olan dövlətlər böyük səy göstərirlər. Artıq ortaq tarixin orta məktəblərdə tədrisi, ortaq dilin formalaşdırılması üçün bir çox təklif və ideyalar var. Bu fikirlər ətrafında da ciddi işlər görülür. Yükdaşımaların vahid tarif əsasında həyata keçirilməsi istiqamətində də işlər gedir. Yəqin ki, bu da ən qısa zamanda mümkün olacaq. Həmçinin Orta Asiyadakı türk dövlətlərinin enerji resurslarının Azərbaycan vasitəsilə, Türkiyədən də keçməklə Avropa və dünya bazarlarına çıxarılması üzərində də işlər görülür. Bir sözlə, mədəni və siyasi birlik daha çox iqtisadi təməllər üzərində inkişaf edir. Qanunvericilik baxımından yaxınlaşmaları da görürük. Qanunlarımızın bir-birinə uyğunlaşdırılması həyata keçirilir. Ortaq valyutanın yaradılması da mümkündür, sadəcə, qeyd etdiyimiz qarşıda duran məsələləri həll etməliyik”. 

 

Aytəkin Qardaşova  

Tarix: 3 İyun 2024, 11:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin