BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Yaxın zamanlarda təcili yardımların xidmət keyfiyyətinin daha da yüksəlməsinin şahidi olacağıq”

Mill Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun parlamentin iclasında səsləndirdiyi “Bakıda 139 ambulans fəaliyyət göstərir, paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir” fikirləri müzakirə yaradıb. Zahid Orucun fikirlərini dəstəkləyənlər problemi həm də təcili yardım həkimlərinin sayının az olması ilə əlaqələndiriblər. 

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə Pravda.az-a açıqlamasında deyib ki, Bakıda, ümumiyyətlə, Abşeron yarımadasında əhalinin sayının artım tempi kifayət qədər yüksəkdir. 

 

“Bir neçə il öncəki statistika ilə müqayisə etdikdə bu artımı müşahidə edə bilərik. Əhali sayı artıqca göstərilən xidmətlərin də üzərinə düşən yük artır. Təcili yardım sistemi hazırda həm çağırışların sayına görə, həm də iş yükünə görə kifayət qədər yüklənmiş şəkildə çalışır. Pandemiya dövründə və pandemiyadan sonrakı dövrdə bir neçə dəfə müvafiq tibb orqanları tərəfindən yeni ambulansların alınması həyata keçirilib. Təbii ki, ambulansların sayının artırılması hələ də gündəmdədir. Bu istiqamətdə prosesin təşkili üçün TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarı ilə Respublika Təcili Tibbi Yardım Mərkəzi publik hüquqi şəxs yaradıldı. Digər tibb mərkəzlərinin tərkibində olan təcili yardım xidmətləri, o cümlədən Sumqayıtda, Abşeronda bütün təcili tibbi yardım xidmətləri bir müəssisənin rəhbərliyi altında birləşdirildi. Bu həm sistemin vahid idarəsini, həm səmərəli istifadə olunmasını, həm də xidmətin daha yüksək səviyyədə təşkilinə gətirib çıxaracaq. Çünki ölkə üzərində təcili tibbi yardım xidməti artıq vahid mərkəzdən idarə olunur. Bu, nəqliyyat vasitələrindən səmərəli istifadəyə gətirib çıxaracaq. Artıq iş yükü nə qədər olmalıdır, hansı bölgələrdə təcili yardıma daha çox ehtiyac var, bu kimi statistik məlumatların nəticəsi analiz olunduqdan sonra həm idarəetmənin effektliyi, həm də iş yükü baxımından bölgələr üzərində daha doğru planlaşdırmaq mümkün olacaq. Düşünürəm, yaxın zamanlarda xidmət keyfiyyətinin daha da yüksəlməsinin şahidi olacağıq. Kadr poetnsialının da səmərəli istifadəsini gözləyirik. Çünki idarəetmənin bu formada təşkili daha effektiv nəticələrə gətirib çıxaracaq”, - o qeyd edib.

 

Aytəkin Qardaşova 

Tarix: 4 İyun 2024, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin