Srağagün 230, dünən 257... - Qaydalara əməl etməsək hər gün artacaq

Azərbaycanda son bir həftə ərzində koronavirusa yoluxma statistikasında rekord göstərici qeydə alınır. Srağagün 230, dünən isə 257 nəfərdə virus aşkarlanıb.

Pravda.az-ın xəbərinə görə, rəsmilər bildirir ki, bu rəqəmlər karantin rejiminin yumşaldılması nəticəsində əhalinin ictimai yerlərdə qaydaları pozması nəticəsində ortaya çıxıb. Ölkə daimi qapalı vəziyyətdə, sərt karantin rejimində yaşaya bilməz. Bu zaman iqtisadiyyat çökər, əhali kütləvi yoxsullaşar və böyük böhran yarana bilər. 

Bu gün ölkədə pandemiyanın nəzarətdə saxlanılmasına cavabdeh olan TƏBİB artıq əhaliyə müraciət edərək hər şeyin xalqın əlində olduğunu bildirib. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı sonuncu brifinqdə qeyd etdi ki, bundan sonrakı yoluxma sürəti vətəndaşların məsuliyyətindən asılıdır:

"Biz yumşalma addımlarını atırıq, amma hər kəs bilməlidir ki, maskadan istifadə və məsafə saxlamaq əsas davranışlarımız olmalıdır. Maskaların taxılmamasına görə ciddi qərarlar qəbul ediləcək. Tələbata uyğun olaraq maska istehsalı da artırılması nəzərdə tutulur. Evdə maska hazırlanması qaydası da əhaliyə təqdim olunub. Bununla bağlı bəhanə gətirilməməlidir". 

Lakin bu açıqlamanın səhəri günü əhalinin bir qismi "Tarqovı"da mini şənlik keçirib. Bir neçə nəfərin təşkilatçılığı ilə uşaqlar günü üçün rəqs təşkil olunub. Bunu izləmək, videoya çəkmək və şənliyə qoşulmaq üçün onlarla vətəndaş iştirakçıya çevrilib. Bu da virusun ən çox yayıldığı Bakıda daha sürətli yayılmaya səbəb olur. Buna görə də hüquq-mühafizə orqanları şənlikdə iştirak edən 50 nəfəri saxlayaraq cərimə edib və cinayət işi başlanıb. 

Xüsusi karantin rejimi müddətində COVİD-19 virusunun geniş yayılmaması üçün dövlət tərəfindən zəruri tədbirlər görülüb. Hazırda karantin rejiminin yumşaldığı və tədricən normal həyata dönüş olduğu zaman vətəndaşlar sosial məsuliyyət nümayiş etdirməlidir. İndi bütün məsuliyyət hər bir şəxsin öz üzərinə düşüb. 
 
Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. 
 
Hər kəs özünün və yaxınlarının səhhətinin qeydinə qalmalı, virusa yoluxmadan qorumalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. 
 
İctimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmaq lazımdır, sosial məsafənin gözlənilməsi mütləqdir. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən (maskalardan, dezinfeksiya edici maddələrdən və s) istifadə mütləqdir. 
 
Hazırda xüsusi karantin rejimi qaydaları yumşaldılsa da xəstəliyin hələ də davam etdiyi və ciddi fəsadlar yaradan xəstəlik olduğu unudulmamalıdır. 
 
Karantin rejiminin yumşalması nəticəsində açılan yerlərə zəruri  hallarda getmək lazımdır, ictimai iaşə yerlərində, parklarda və digər yerlərdə virusdan qorunma tədbirlərinə ciddi riayət edilməlidir, əməl etməyənlərə qarşı vətəndaş qınağını ortaya qoymalıdır. 
 
Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. 
 
İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir. 
 
Qaydalara əməl olunmasa, sanitar-epidemioloji tələbləri pozan şəxslərə, obyektlərə qarşı tədbirlər görülməlidir, cəza tətbiq olunmalıdır. 
 
Vətəndaşlar bilməlidir ki, virusdan qorunmasalar özlərini və yaxınlarını təhlükəyə atırlar və  xəstəliyə yoluxma surəti çoxalarsa, məhdudiyyətlər  hər an yenidən sərtləşdirilə bilər.

Azərbaycanda virusun ilk yayıldığı mərhələdə yoluxanlar az və pərakəndə olduğu üçün koronavirusa inanmayanlar "Niyə bizim tanıdığımız kimsə yoluxmayıb?" deyib əsassız əssaslandırma etməyə cəhd edirdilər. Artıq sosial şəbəkələrdə istifadəçilərindən paylaşımlarından da görürük ki, virus hər bizimizin yaxınındadır, ailəsinə yol tapıb. Koronavirus səbəbindən ailə üzvünü itirənlər də olub.Qafqazinfo

Tarix: 31 May 2020, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin