BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda söz, fikir, mətbuat azadlığı tam şəkildə təmin edilib” - RƏY

“Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır". Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan dövlətinin ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir. Azərbaycanda azad mətbuatın getdikcə daha da inkişaf etməsi sosial sifarişə, ən birincisi isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan Respublikası demokratik inkişaf yolunu seçmiş dövlətdir.

“Ulu öndər Heydər Əliyev məhz bu yolu müəyyən edib. Eyni məntiqlə ölkəmizdə ölüm hökmü, mətbuatda senzura ləğv edilib. Bu gün də cənab İlham Əliyev həmin siyasəti davam etdirir. Azərbaycanın demokratik inkişaf yolunda növbəti addımlar atılır. Ölkəmizdə keçirilən bələdiyyə, parlament, prezident seçkiləri demokratik inkişaf yolunda atılmış iri addımlardır. 2024-cü ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkiləri də bu yolda mühüm mərhələ idi. Seçici fəallığının yüksək səviyyəsi 77%-ə gəlib çatmışdı. Xalqın öz Prezidentinə olan sevgisi 92,12%-də əksini tapmışdı. Qarşıdan növbədənkənar parlament seçkiləri gəlir. İnanırıq ki, bu seçkilər də Azərbaycanın seçdiyi demokratik inkişaf yolunda mühüm mərhələ olacaq. Ümumiyyətlə, demokratiya bir prosesdir. Azərbaycan həmin prosesin tərkib hissəsidir. Burada son nöqtə yoxdur. Hansı dövlət iddiasında olsa ki, guya o, demokratiyanın zirvə nöqtəsindədir, bu, yalan yanaşmadır. Belə bir şey yoxdur. Demokratiyanın ən mühüm göstəricilərindən biri söz, fikir azadlığı ilə bağlı məsələlərdir. Azərbaycan bu istiqamətdə də çox ciddi işlər görür. Söz, fikir, mətbuat azadlığı ölkəmizdə tam şəkildə təmin edilib. Bu fikrin sübutu kimi qeyd edə bilərik ki, ölkə əhalisinin 80%-dən çoxu sosial şəbəkə istifadəçisidir. Bu o deməkdir ki, sanki sənin öz mətbu orqanın var, nə istəyirsənsə, orada yaza bilərsən. Yazılı mətbu orqanlarında qanunun tələblərini icra edirlər. Çünki hər kəs yazdığı sözə görə cavabdehdir. Sosial şəbəkələrdə isə söz, fikir azadlığının ifadə edilməsi üçün izafi bir azadlıq var. İnsanları təhqir edib, şərəf və ləyaqətini alçalda bilirlər. Hesab edirlər ki, bununla məsuliyyətdən kənarda qalacaqlar. Bu gün sosial şəbəkələrdə söz, mətbuat, fikir azadlığı özünün pik nöqtəsindədir. Hətta bir çox hallarda mənfi çalarları ilə. 22 iyul tarixi hər il ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti Azərbaycan xalqının milli oyanışında müstəsna rol oynadı. Ancaq bunun da qarşısını tələm-tələsik aldılar. 1875-ci ildə fəaliyyətə başlayan “Əkinçi”ni 1877-ci ildə bağladılar. Buna baxmayaraq, bu gün fəxarət hissi ilə qeyd edirik ki, milli mətbuatımız 1875-ci ilin 22 iyul tarixində formalaşıb. Hər il bu tarixi böyük qürur hissi ilə qeyd edirik. Azərbaycan mətbuatı çox sürətlə inkişaf edir. Kritik məqamlarda da öz sözünü deyib. Xüsusilə, Vətən müharibəsi dövründə Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində həm ölkə daxilində, həm də xaricində çoxsaylı yazılarla çıxış edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Bu gün də Azərbaycan jurnalistinin qələmi silaha çevrilib, ölkəmizin milli maraq və mənafeyinin müdafiəsi kimi çox mühüm vəzifənin icrasına xidmət edir”.

 

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə bildirib ki, demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi cəmiyyətin siyasi inkişafında,  formalaşmasında müstəsna rola malikdir:

“Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşıldığı  dövlətlərdəndir. Bu gün müasir Azərbaycan reallığına nəzər saldıqda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif istiqamətli informasiyaları cəmiyyətə təqdim etdiyini görmək mümkündür. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanda söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atıldı. Bunlardan ən vacibi  Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığının təsbit edilməsi oldu. Prezident İlham Əliyevin dövründə isə  Azərbaycanda söz azadlığının inkişafında yeni mərhələnin başlanğıcını qoyuldu. Azərbaycanda mətbuatın inkişafının, o cümlədən söz azadlığı və plüralizmin yüksək səviyyədə olmasının arxasında illərlə qət edilən yol, formalaşan ənənə dayanır. Bu ənənə nəticə etibarilə dövlətin inkişafına, ölkəmizdə söz azadlığının daha da möhkəmlənməsinə xidmət göstərir”.

 

Yazı 22 İyul - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Tarix: 12 İyul 2024, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin