BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq direktor yenidən məhkəmə qarşısına çıxarılır

“Masallı rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 29-na təyin edilib.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Nəzərova 9 il 6 ay müddətinə cəza təyin olunub. Lakin onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq olunub, 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti sayılıb. Onunla birgə ittiham olunan köməkçisi Təranə Əliyeva barəsində isə Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq olunub. Təranə Əliyeva barəsində 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin olunub. İttihama görə, Cəlil Nəzərovun qeyd olunan vəzifədə işləyərkən tabeliyində olan şəxslə qabaqcadan əlbir olaraq 2007-2020-ci illəri əhatə edən dövr ərzində xəstələrə əlillik dərəcəsinin təyin olunması müqabilində ümumilikdə 321 nəfərdən cəmi 400 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına, rəhbərlik etdiyi tibb müəssisəsinin maddi-texniki təminatı üçün dövlət büdcəsindən ayrılmış cəmi 275 min manat məbləğində pul vəsaitini mənimsəməsinə, həmin qanunsuz hərəkətlərini ört-basdır etmək üçün müvafiq rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməsinə, eləcə də bu yolla əldə etdiyi qanunsuz pul vəsaitlərini rayon ərazisində özünə məxsus istirahət mərkəzinin inşasına yönəltməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Təranə Əliyevanın Cəlil Nəzərovun köməkçisi vəzifəsində işləyərkən sonuncunun qeyd olunan qanunsuz məqsədlərlə ümumilikdə 34 nəfərdən cəmi 52 min manat rüşvət almasında köməkçi qismində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Cəlil Nəzərov və Təranə Əliyevaya müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2, 311.3.3 (külli miqdarda təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Cəlil Nəzərov barəsində məhkəmənin qərarı ilə həbs, Təranə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı vurulmuş ziyanın təmin edilməsi məqsədilə Cəlil Nəzərova məxsus Masallı rayonu ərazisində yerləşən daşınmaz əmlaklar üzərinə həbs qoyulub.

 

Kamal Məmmədov

Tarix: 30 İyul 2024, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin