BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Məmmədov: "Azərbaycanda İsrailə aid hərbi baza, yaxud hərbi silah-sursat yoxdur"

"İran Prezidenti Məsud Pezeşkianın SEPAH-a Azərbaycandakı İsrail obyektlərinə hücum etmək barədə təklifini birinci İngiltərə mətbuatı yazıb. İrana yeni prezident seçilmiş Pezeşkian bu xəbəri nə inkar, nə də təsdiq edib ki, mən belə bir bəyanat vermişəm, ya yox. Azərbaycan Pezeşkiandan cavab gözləyir, o isə hələ də reaksiya verməyib. Ola bilər, müəyyən qüvvələr Pezeşkianın azərbaycanlı olmasına, yaxud seçki prosesində azərbaycançılıqla bağlı müsbət fikirlər səsləndirməsinə görə Azərbaycanla arasında nifaq, problem yaratmaq üçün onun adından kampaniyaya başlayıblar. Ancaq istisna deyil, ola bilər, Pezeşkian bu fikirələri səsləndirib. Nə bilmək olar? Bu barədə dəqiq məlumatımız yoxdur. Mən çox inanıram ki, Pezeşkianın adından istifadə edib, Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirmək üçün bu fikirləri meydana atırlar". 

 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

 

Deputat bildirib ki, Azərbaycan tərəfi 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonra da dəfələrlə İrana təkliflər verib: "Azərbaycan İrana dəfələrlə təkliflər verib ki, sizin əlinizdə İsrailin Azərbaycanda hərbi bazasının olması barədə dəqiq rəsmi fakt varmı? Varsa, qoyun ortaya, bu söz-söhbətə son qoyulsun. Azərbaycanda İsrailə aid hərbi baza, yaxud hərbi silah-sursat yoxdur. Bu, yenə ermənilərin və ermənipərəst qüvvələrin fitvası, Azərbaycana qarşı şər-böhtan kampaniyasıdır, Azərbaycan-İran münasibətlərini gərginləşdirmək üçün atılan addımdır. Hər halda İran rəhbərliyi bu qədər naşı deyil. Qarşılıqlı şəkildə Azərbaycanla fikir mübadiləsi apara bilər ki, doğrudan da sizin ərazinizdə İsrailə məxsus hərbi obyektlər var? Təbii ki, yoxdur. Bizə qarşı şər-böhtan xarakterli kampaniyalarda bir az diqqətli olmaq lazımdır". 

 

E.Məmmədo erməni politoloq Sergey Melkonyanın Pezeşkianın Azərbaycan-İsraillə bağlı bəyanat verməsinin inandırıcı olmadığını deməsinə isə belə münasibət bildirib: "Onların açıqlamalarında müəyyən məqsədlər var. Belə açıqlama verirlər ki, Azərbaycan deməsin, "sənin də ərazində İranla sərhəddə Amerikanın hərbi bazaları yerləşdirilir". Ermənistan özü də fərqindədir ki, İsrailin Azərbaycanda hərbi bazası yoxdur. Bu gün İran üçün xoşagəlməz vəziyyətdir ki, İranın əvvəlki rəhbərlərinin hamısının qucaqlaşıb-öpüşdükləri, "dost, qardaş" dedikləri Ermənistan İranın qulağının dibinə ABŞ-nin hərbi bazalarını yerləşdirib. İndi Ermənistanda Amerika kəşfiyyatının müxtəlif sistemlərini yerləşdirmək istiqamətində sürətlə iş gedir. İran bundan nəticə çıxarsın. "Dost, qardaş" deyib, müdafiə etdiyi Ermənistan gör indi İrana nə zərbə hazırlayır..."

 

Aytəkin Qardaşova

Tarix: 12 Avqust 2024, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin