BURADA REKLAMINIZ OLA
BİLƏR

Eyyub Kərimli: "Şəxsən Könül Nurullayevanı tanımıram"

24 saylı Nizami birinci seçki dairəsinin namizədlərindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təsərrüfat şöbəsinin müdiri, iqtisadçı Eyyub Kərimli VI çağırış üzrə Milli Məclisin deputatı Könül Nurullayevanın rəqibi olması, Nurullayeva üçün “yaşıl işıq” yandırıldığı barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

 

E.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, yayılan məlumat qərəzlidir. 

 

“Bizim dairədən 11 namizəd qeydə alınıb. Bilmirəm nəyə görə, həmin paylaşımda yalnız üç nəfərin adı hallandırılıb. Adı hallandırılanlardan biri mənəm, digərləri isə Neft Şirkətinin mühəndisi Toğrul Bağırov və Klinikadan direktor müavini Gülnar Nuriyevadır. Bildirmək istəyirəm ki, şəxsən Könül xanımı tanımıram, heç vaxt əlaqəm olmayıb. Baxmayraq ki, özüm də 10 ildir, Nizami rayon sakiniyəm. Bu seçkilərdə öz təşəbbüsüm və mülahizəm üzrə bitərəf qismində iştirak edirəm. Yaxşı olardı ki, həmin xəbəri paylaşanlar mənim həyat yolumu, tərcümeyi-halımı daha diqqətlə izləsinlər. Mən 2007 ci ildən 2024 cü ilə qədər - 17 il Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, aparıcı elmi işçi və kurs rəhbəri vəzifəsində işləmişəm. Bilirsiniz ki, 10 ildir, müxtəlif televiziyalar və media strukturları ilə iqtisadçı-ekspert kimi sıx əməkdaşlıq edirəm. Öz təhlillərimi, rəylərimi və iqtisadiyyatda baş verən məsələlərlə bağlı fikirlərimi ictimaiyyətin diqqətinə çatdırmışam, müstəqil fikirlərimi bildirmişəm. Həm Nizami rayon sakini kimi, həm də iqtisadçı kimi Nizami rayonunda və iqtisadiyyatda olan problemlər haqqında geniş təsəvvürüm, biliklərim var. Bu biliklərimi xalqımızın və sakinlərin rifahı üçün sərf etməyə, onların səsini təmsil etməyə özümdə iradə tapmışam. Qələbəmə inanıram, tam əminəm. Uzun illərdir, ictimai fəaliyyətim də var. İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədriyəm. Böyük layihələrə rəhbərlik etmişəm. Bilirsiniz ki, 2022-ci ildə Xankəndi-Laçın yolunda keçirilən böyük aksiyanın fəal iştirakçısı olmuşam. Cəmiyyətdə kifayət qədər tanınmış şəxsəm. Seçkilərə qələbə çalmaq üçün əzmlə qatılmışam. Ələlxüsus qeyd etmək istəyirəm ki, məni tanımaq üçün sadəcə “Google”da və “Youtube”da “iqtisadçı-ekspert Eyyub Kərimli” yazanda kifayət qədər geniş məlumat almaq mümkündür. 100 mindən artıq istinad var. Bu 10 ildə mənim 100 mindən çox rəyim, çıxışlarım, elmi məqalələrim dərc olunub. Hesab edirəm, bu cür paylaşımlar ediləndə mütləq namizədin keçdiyi həyat yolu nəzərə alınmalıdır”, o bildirib. 

 

Qeyd: Eyyub Kərimli 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə “Yeniyə və yeniliyə imza atın!” şüarı ilə qatılıb. 

 

Aytəkin Qardaşova 

Tarix: 13 Avqust 2024, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin