BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda həqiqi hərbi xidmət 3 ay müddətinə olacaq? - "Pul ödəyir, gedib həyatını yaşayır..."

“Hərbi xidmətin pullu olması məsələsinin gündəmə gəlməsi birinci dəfə deyil. Dünyada belə praktika var. Bu proseslər Azərbaycana da şamil oluna bilər. Birincisi, Azərbaycan Ordusu getdikcə təkmilləşir. Bu gün müqavilə əsasında xidmət edənlərin faizi 70-dən yuxarıdır. Digər tərəfdən, düşünmürəm ki, hərbi xidmətə pul ödəyə bilənlərin sayı çoxdur. Kimsə inkişafı üçün və ya başqa səbəbdən hərbi xidmətə ödəniş edə bilərsə, prinsipcə buna şərait yaratmaq olar. İndiyə kimi çox şeylər eşitmişik. Ancaq bütün bunlar qanunsuz olub. Həyatdır, belə hallar qaçılmazdır. Hər halda respublikada var idi, çox geniş yayılmışdı. İnsanlar hərbi xidmətlə bağlı qarşıya qoyulan məqsədə çatmaq istəyirlərsə, qanuni şəkildə müraciət edərlər, məsələni qanuniləşdirərlər. Artıq həmin vəsait ayrı-ayrı işbazlara yox, dövlətin büdcəsinə, yaxud Müdafiə Fonduna yönəldilər. Əlbəttə, bəziləri “vətənpərvərlik” və s. deyə bilərlər. Hərbi xidmətin pullu olmasının buna elə də təsiri olmayacaq. Onsuz da bir insan fikri orda-burda ola-ola hərbi xidmətə gedəcəksə, onun vətənpərvərlik ruhunun o qədər də yüksək olduğunu deməzdim. Xidmətlə bağlı hansısa psixoloji faktorlar da ola bilər. Bu kateqoriyaya aid olan insanların yüksək vətənpərvlik ruhu ilə əsgərliyə gedib seçiləcəklərini düşünmürəm. Bəlkə, kimsə hərbi xidmətə pul ödəyib həyatı ilə bağlı məqsədlərinə çatdıqdan sonra qayıdıb orduda xidmət edəcək, borcunu qaytaracaq?! Yəni məsələyə geniş şəkildə yanaşmalıyıq”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.   

O bildirib ki, müəyyən məbləğ ödəməklə bir neçə ay xidmət etdikdən sonra da qərar qəbul oluna bilər: “Burada heç nə yoxdur. Nəzərə alsaq ki, müqavilə əsasında çalışan tankçılar, topçular, rabitəçilər - hamısı peşəkar heyətdir. Adi çağırışçıların isə əksəriyyəti hazırda atıcı vəzifəsindədir. Bu vəzifəyə yiyələnmək, avtomatdan, atıcı silahdan atmaq üçün aylıq kurs yetərli olacaq ki, əsgər öz silahından atmaq bacarığına və digər xüsusiyyətlərə yiyələnsin. Bunun üçün 1 il yarım və ya 1 ilə ehtiyac yoxdur. Orta hesabla, təxminən, 2-3 ay yetərlidir. Bununla o, həqiqi hərbi xidmətini başa vurmuş sayılır, qalan zamanına isə pul ödəyir, gedib həyatını yaşayır. Azərbaycanın müdafiə qüdrəti  bununla azalmayacaq. Səfərbərlik zamanı qanunlar həmin şəxsə də şamil olunacaq. Bəzi gənclərimiz xaricdə təhsil alırlar, orada təhsillərinə davam edə, peşəyə sahib ola bilərlər. 18 yaşdan yuxarı, bakalavr pilləsini başa vurandan sonra gənclərimiz hərbi xidmətə getməlidirlər. Bu isə çoxlarının gələcək planlarına maneə olur. Məsələn, Türkiyədə 21 yaşdan sonra orduya çağırılırlar. Düşünürəm ki, biz də belə etməliyik. 21 yaşda gənclərimiz bakalavr diplomunu artıq ala bilirlər. Yaxud kimsə birinci il hansısa səbəbdən universitetə qəbul ola bilməyib, istədiyi fakültəyə, universitetə balı çatmayıb. Belə halda o, artıq məhrum olur, əsgərliyə gedir. 1 il yarım xidmət edəndən sonra yenidən ali məktəbə hazırlaşması, elmə yiyələnməsi isə böyük sual işarəsi altındadır. Bu tərəfdən də gənclərimizin haqqına giririk. Gərək, nəzərə alaq, şərait yaradaq. Bunlar bizim övladlarımızdır, Azərbaycanın gələcəyidir. Gələcəkdə yüksək peşəyə sahib ola biləcək gənclər məhz belə məhdudiyyətlərə görə ali savad ala bilmirlər. Həyatları tamam başqa istiqamətdə inkişaf edir”. 

 

Polkovnik vurğulayıb ki, hərbi xidmətin pullu olması ilə bağlı hansısa fəsadlar ortaya çıxsa, yenə də qərar qəbul etmək, yaxud həmin qanunu təkmilləşdirmək olar: “Bir peşəkar zabit kimi demək istəyirəm ki, hərbi xidmətin pullu olmasında pis bir şey görmürəm. Həyatın tələbləri ilə, müasirliklə ayaqlaşmalıyıq. Valideynlər övladlarının gələcəyi üçün hansısa işbazları axtarmalı olurdular, qanunla bunun da qarşısı alınar. Bir güllə ilə iki dovşan vurarıq. Həm gənclərimizin gələcəyi üçün müsbət olar, həm də işbazların yolunu bağlayarıq. Cəmiyyətimiz də daha təmiz olar”. 

 

Aytəkin Qardaşova 

Tarix: 16 Avqust 2024, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin