BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan keçmiş bələdiyyə sədri hökmdən şikayətçidir

Rüşvət almada təqsirləndirilən Qusar rayonunun Caqar, Çətgün, Kuzun, Laza və Zindanmuruq kəndlərinin ərazilərini əhatə edən Kuzun bələdiyyəsinin sədri olmuş Yaşar Kiçikbəyovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-n təyin edilib.

 

Qeyd: 55 yaşlı Kiçikbəyov bu ilin əvvəlində dələduzluq cinayətinə görə mühakimə edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib. Məhkəməsi davam etdiyi müddətdə onun korrupsiya cinayətlərinin də üstü açılıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, Kiçikbəyov bələdiyyə torpaqlarını fermerlərdən və digər şəxslərdən rüşvət alaraq uzunmüddətli icarəyə verib. O, bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşıb, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona əvvəlki cəzası toplanmaqla 9 il azadlıqdan məhrumetmə cəzası verilib.

 

Xatırlatma: Müttəhim Kiçikbəyov ilk dəfə 2022-ci ildə həbs edilib. Həmin vaxt ona 2 il 6 ay həbs cəzası verilib. Sonrakı hökmlə ümumi cəza müddəti 3 ilə qaldırılıb. Bu, onun iki il ərzində üçüncü hökmüdür.

 

Kamal Məmmədov

Tarix: 28 Avqust 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin