BURADA REKLAMINIZ OLA
BİLƏR

Ahıl kişini öldürərək basdıran usta hökmdən narazıdır

Sumqayıt şəhərində 82 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Samir Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

İttihama görə, taxta ustası olan S.Abbasov Nadir Rzayevin tikdirdiyi fərdi yaşayış evində mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və işə başlayıb. 

 

Lakin tərəflər arasında ödənişlə bağlı bir neçə dəfə mübahisə yaranıb. Ötən il avqustun 17-də usta ilə ev sahibi arasında yenidən narazılıq baş verib. S.Abbasov 81 yaşlı ev sahibinin başından taxta parçası ilə zərbə endirib. Ev sahibi müvazinətini itirərək yerə yıxılıb. Usta ahıl kişini köməksiz vəziyyətdə qoyaraq qapını kilidləyib və hadisə yerindən uzaqlaşıb. 

 

Ertəsi gün onun  ölüb-ölmədihyini müəyyənləşdirmək üçün yenidən həmin ünvana gəlib. O, ev sahibinin öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti sürüyərək çölə çıxarıb, həyətdəki yardımçı tikilidə basdırıb. 

 

Mərhum N.Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib. O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub. Qətlə yetirildikdən təxminən 20 gün sonra N.Rzayevin basdırıldığı yer tapılıb.

 

Törətdiyi cinayət əməlinə görə, S.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 

 

Kamal Məmmədov

 

Tarix: 1 Oktyabr 2024, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin