BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlax RİH-in tenderi niyə ləğv edildi? - Hər il mənzil fondu təmir edilir

Yevlax Rayon İcra Hakimiyyəti hər il mənzil fondunun əsaslı təmiri ilə bağlı tender elan edir. Qaynarinfo xəbər verir ki, 2023-ci ildə keçirilən tenderin qalibi "Baku Building" MMC, 2022-ci ildə keçirilən tenderin qalibi "Elvi.M.M Services Group" MMC, 2021-ci ildə keçirilən tenderin qalibi isə "Yevlax Təmir Tikinti-57" MMC seçilib. 


Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri müvafiq olaraq 217 022,74 manat, 118 708,5 manat və 128 945,5 manat olub. 

Tenderlərdə qalib gələn şirkətlər mediada şübhəli biznes subyektləri kimi təqdim edilir. 


İcra hakimiyyəti cari ildə də mənzil fondunun əsaslı təmiri ilə bağlı tender elan edib. Bu tender üzrə ehtimal olunan qiymət 318 293 manat olub. 

Tender oktyabrın 25-dək davam etməli olsa da, ləğv edilib. Müsabiqənin ləğvi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə həyata keçirilib. 


Görünür, Yevlax Rayon İcra Hakimiyyətinin hər il şübhəli şirkətlərlə "mənzil fondunu əsaslı təmir etməsi" "yuxarılar"ın da diqqətini çəkib. Bu baxımdan, cari ildə elan edilən tender ləğv olunub. 


Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. O, 2019-cu ildə bu vəzifəyə təyinat alıb. 


Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir. Eldar Əzizov hazırda icra başçısı kimi ən çox vəzifədə qalan məmurlardandır. Onun icra başıçısı kimi karyerası 24 ili əhatə edir. 


Əzizov 2018-ci ildən Bakıya rəhbərlik edir. Bu müddət ərzində mediada onunla bağlı xeyli sayda tənqidi materiallar dərc edilib. Tənqidlərin çoxu dövlət satınalmaları ilə bağlıdır. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. 

Tarix: 3 Oktyabr 2024, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin