BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Bəşirovla bağlı qalmaqal

Bu qədər problemlər olan məqamda boşanan tərəflər arasında uşağın kimdə qalması məsələsini işqlandırmağımın bir neçə səbəbi var. Birincisi, istəyirəm hamı görsün ki, bu ölkənin taleyüklü məqamında belə vəzifəli şəxslər nə ilə məşğuldurlar?! İkincisi, istəyirəm hamı bir daha şahidi olsun ki, vəzifədə olan, pullu şəxslər insanlarla necə davranırlar. Ailələr dağılanda qanuna, insanlığa, uşaqların marağına uyğun yox, imkanlarından istifadə edib öz hikkələrinə uyğun hərəkət edirlər. Nəhayət, hüquq-mühafizə və məhkəmə sisteminin acınacaqlı durumunu bir uşaq məsələsi bütün çılpaqlığı ilə göstərir.

 

Təqdim etdiyim qısa videoda çıxış edən 30 ilə yaxın məhkəmə orqanlarında yüksək vəzifələr tutmuş Çingiz Bəşirovun gəlini Samirə Bəşirovadır. Öz ailəsini qorumağın mümkünsüzlüyünü görən S.Bəşirova və ailəsi qərara gəlirlər ki, körpə qız uşağına psixoloji travma yetirməmək üçün xoşluqla ayrılsınlar. Buna görə də məhkəmə qərarı olmadan razılıq əsasında ana istədikləri vaxt uşağın atası və nənə-babası ilə görüşməsi üçün şərait yaradır. Günlərin birində Ç.Bəşirov qərara gəlir ki, uşaq ancaq onlarda qalmalıdır və 3 yaşlı Mirayı alıb qaytarmırlar. Ananın çoxsaylı rəsmi müraciətlərini, xahişlərini, yalvarmasını diqqətə belə almırlar və uşağı anadan gizlədirlər. Ana məcbur olub uşağın nə vaxt küçəyə çıxacağını gözləyir. Biləndə ki, uşaq parka gəzintiyə çıxarılır, həmin vaxt o da öz qohumları ilə əraziyə gəlir və uşağa yaxınlaşır. Anasını görən uşaq ona sarılır və S.Bəşirova uşağı qaytarmır. Dərhal Ç.Bəşirov işə qarışır və hamını uşaq qarışıq polis bölməsinə aparırlar. Polis hadisəni araşdırır, məhkəmə qərarı olmadığından uşaq boynuna sarıldığı anasından zorla alınmır və onlar evlərinə gəlirlər. Bundan hiddətlənən Ç.Bəşirov öz yüksək vəzifələrdə olan dostlarını işə qoşur və məcbur edilən polis əməkdaşları bütün qanunları kobud şəkildə pozaraq zorla S.Bəşirovanın valideynlərinin evinə girib güclə uşağı anasından alıb babası Ç.Bəşirova verirlər. Çıxılmaz vəziyyətdə qalan S.Bəşirova sosial şəbəkələr vasitəsi ilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir. M.Əliyevanın müdaxiləsindən sonra uşaq anasına qaytarılır və tərəflər məhkəmə qərarını gözləyirlər. Bütün baş verənlərlə bağlı cinayət işləri qaldırılması üçün müraciətlər edilsə də münasibətləri daha da gərginləşdirməmək üçün şikayətlərinin baxılmasında israrlı olmurlar. Ç.Bəşirov isə hikkəsini boğa bilmir. Necə yəni, Ədliyyə naziri Fikrət Məmmədov, Prezidentin köməkçisi Fuad Ələsgərovla 30 il dost olan bir şəxsə kimsə qanun göstərir?! İşlədiyi 30 il ərzində məhz adlarını çəkdiklərim şəxslərə arxayın olan Ç.Bəşirov üçün heç vaxt qanun şah olmayıb, onun öz şəxsi maraqları, ambisiyaları əsas olub. Dəfələrlə iştirak etdiyim proseslərdə şəxsən bunun şahidi olmuşam.

 

Bu dəfə Ç.Bəşirov özünə layiq vəkillə və həmin dostlarının himayəsi ilə artıq REAL TV-də Birinci vitse-prezident M.Əliyevanın qanuni göstərişlərinə qanunsuzluq donu geyindirməyə çalışırlar. Keçirilən məhkəmə iclasında vəkil heç bir qanuna, etikaya sığmayan şəkildə S.Bəşirovanı təhqir edir və buna məhkəmə münasibət bildirmir. Bildirə də bilməz, çünki vəkil Muxtar Mustafayev F.Məmmədov vəkilxanasının rəhbərlərindən biridir, məhkəmələr də onun şəxsi obyektləri kimi fəaliyyət göstərirlər.

 

Bununla sakitləşməyən Ç.Bəşirov öz evinin hər nöqtəsində quraşdırdığı videokameralarda gəlini evdə olan zamanlar qeydə aldığı videogörüntüləri sosial şəbəkələrdə paylaşdırır. S.Bəşirovanın atası mənə müraciət edəndə bir daha xahiş etdi ki, o, nəvəsinin xatirinə və əxlaqına uyğun olaraq bütün hədləri keçmək istəmir, ancaq, əgər ölkə qanunları tapdalanmaqda davam edərsə keçə də bilər. Qeyd edim ki, S.Bəşirovanın ailəsi bu günə qədər də bütün formalarda təqib, təhdid olunurlar.

 

Buradan bir daha rəsmi qurumlardan qanunun aliliyini təmin etmələrini xahiş edirəm.

 

Aslan İsmayılov

 

Hüquqşünas

Tarix: 14 İyun 2020, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin