BURADA REKLAMINIZ OLA
BİLƏR

Baba Vəziroğlu: "Gərək, getsinlər Heydər Əliyev Mərkəzinin qarşısındakı heykəli görsünlər, sonra desinlər ki, bu nə biabırçılıqdır?"

“İstəməyən Heydər Əliyev Mərkəzinin qarşısındakı qadın heykəlinə baxmasın. Hər kəsin öz zövqü var. Gərək, hökmən getsinlər Mərkəzin qabağında heykəli görsünlər, sonra desinlər ki, bu nə biabırçılıqdır? Məşhur deyim var, “sənət sənət üçündür”.  İnternetdə mollaların moizəsi də var, pedaqoji, tibbi məsləhətlər də var, porno filmlər də... Heykəl paltarlı da ola bilər, paltarsız da. Dəxli yoxdur. Qədim intibah dövründən bəri heykəltaraşlıqda insan əzaları paltarsız göstərilir. Dünyada hansı muzeyə getsəniz, kişi, qadın - hamısının heykəlləri paltarsızdır. Biz hələ sovet ölçüləri ilə yaşayırıq”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. 

 

O bildirib ki, incəsənətdə hər şey ola bilər: “İncəsənət sərhəd tanımır. Sən öz zövqünlə hərəkət etməlisən. Dünyada seks ədəbiyyatı da var. Sən onu oxuma, Ramiz Rövşəni, Baba Vəziroğlunu oxu. Gərək, Fransanın seks ədəbiyyatı nümunəsi tapasan, oxuyasan, sonra da deyəsən ki, bu nə biabırçılıqdır? Biabırçılıqdırsa, o kitabı əlinə alma. İndi də eşitmisən ki, Mərkəzin qarşısında belə bir heykəl var. Baxma, qanın da qaralmasın. Demokratik seçimdir də. Hər şeyə qulp qoymağa mahirik. Bunlar dünyanı dolaşan, qəbul olunan əsərlərdir. Yaxşı, ya pis olmağı bizim zövqümüzə qalmayıb ki. Oqtay Sadıqzadənin “Kolxozçu qadınlar” rəsm əsəri var. Başlarında şal, əyinlərində üçqat-beşqat “tumanlar”, gedib onlara baxsınlar. Orta əsrlərdə rəssamlıq var idi. Rəssamlar toppuş, sinəsiaçıq qadınların rəsmlərini çəkirdilər. Bir-iki adam desə ki, bu rəsmlər biabırçılıqdır, onda həmin əsərləri tarixin zibilliyinə ataq? Çexov deyib ki, dünyada bekarlıqdan alçaq heç nə yoxdur. Bütün bunların hamısı bekarlıqdan irəli gəlir. Gedin, işinizlə-gücünüzlə məşğul olun.  Qulp qoymaq sənət deyil”. 

 

Qeyd: Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin açılış mərasimi keçirilib. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.

 

Aytəkin Qardaşova

 

Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə  tarazlıq” sərgisi açılıb

Heydər Əliyev Mərkəzində açılan "Təbiətdə tarazlıq" sərgisi - 0094871 |  Photostock.az

Tarix: 6 Noyabr 2024, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin