BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “Karantin rejiminin yumşaldılmasının tərəfdarı deyiləm”

“Koronavirus pandemiyasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Hazırda tətbiq edilən karantin rejiminin yumşaldılmasının tərəfdarı deyiləm. Bilirsiniz ki, hökumət daha öncə sərtləşdirilmiş karantin rejimindən yumşaldılma prosesinə start verdi. Amma bu, mənfi nəticələndi, yoluxanların sayı artdı. Ona görə də karantin rejiminin yenidən sərtləşdirilməsinə qərar verildi. İnsanlar bir qədər laqeyd yanaşırlar. Yoluxanların sayının 500-ə yaxınlaşması məsuliyyətsizliyin nəticəsidir. Nazirlər Kabineti yanında Operativ Qərargah zəruri olan bütün addımları atır. Hamımız bu məsələdə birgə addım atmalıyıq, özümüzü, yaxınlarımız qorumalıyıq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

C.Paşazadə qeyd edib ki, insanların rayonlara getmək istəməsi başadüşüləndir: “Nəzərə alın ki, xeyli insan da xarici ölkəyə səfər planlayıb... Sadəcə, vəziyyətin ciddiliyini başa düşmək lazımdır. Vəziyyətin bu cür olduğu vaxtda rayonlara gediş-gəlişi bərpa etmək olmaz. Bu, mərhələli şəkildə olmalıdır. Rayonlarda da insanlar bəzi hallarda məsuliyyətsizlik edirlər, özlərini qorumurlar. Vəziyyət çox ciddidir, cəmiyyət, dövlət, gələcəyimiz təhlükədədir. Hamımız qaydalara əməl etməliyik”.

 

C.Paşazadə qeyd edib ki, dövlət pandemiyanın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçirir: “Birdəfəlik ödəmə aprel və may ayları üzrə ödənilib. Baş Nazir Əli Əsədovun qərarı ilə sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlarda iyun ayı üzrə də 190 manat veriləcək. Dövlət bu ödəmələrin birbaşa vətəndaşa çatması üçün bütün şəraiti yaradıb. Yəni kimlərsə sui-istifadə hallarına yol verə bilməsin... Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sözdə deyil, əməldədir. Bu məsələdə dövləti də nəzərə almaq lazımdır. Sadəcə, bir qədər səbirli olmaq lazımdır”.

 

O, ölkədə su və digər kommunal xidmətlərdə problemlərin olmasına da toxunub: “Bu problemlər əvvəllər də olub. Təkcə su deyil, kanalizasiya problemləri var. Bu problemlərin indi qabarıq şəkildə görünməsinin səbəbi sərt karantin rejimi ilə əlaqədardır. Gərək o problemlər həll edilsin. İnsanlar evdə qalırsa, su, qaz, elektrik enerjisi ilə təmin edilməlidirlər. Həmin qurumlardan xahiş edirəm ki, bu cür problemləri tezliklə həll etsinlər".

 

Deputat Milli Məclisin növbədənkənar sessiyasının başa çatdırılması təklifinə də münasibət bildirib: “Düşünürəm, Milli Məclis işini davam etdirməlidir. Bilirsiniz ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır. Amma parlament növbədənkənar sessiya zamanı iyunun sonu, iyulun ortalarına qədər fəaliyyət göstərir. Hazırda Milli Məclisin komitə iclasları onlayn qaydada keçirilir. Parlamentin indidən tətilə buraxılmasının tərəfdarı deyiləm. Dövlətin bu durumunda hansısa qanunların qəbulu vacib ola bilər. Ona görə də deputatlar fəaliyyət göstərməlidir. Biz xalq, dövlət üçün hər şey etməyə hazırıq”.

 

Tarix: 23 İyun 2020, 16:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin