Azərbaycanda vəzifəli şəxslər həbs edildi

Ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.


Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinimətbuat xidmətlərindən Pravda.az-a verilən birgə məlumatda qeyd olunur ki, bu çərçivədə Baş Prokurorluq tərəfindən həyata keçirilməkdə olan belə tədbirlərdən biri - Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmanın aparılmasıdır.


Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.


Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.


Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.


Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.


Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix: 29 İyun 2020, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin