BURADA REKLAMINIZ OLA
BİLƏR

Belə getsə, karantin rejimi uzadıla bilər - SƏBƏBLƏR

Dünən Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8  nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 16968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Ölkədə indiyədək koronavirus infeksiyasının aşkarlanması məqsədilə 475525 test keçirilib. Son sutkada 6558 belə test olub.

 

Koronavirusa yoluxma sayına görə Bakı, Gəncə və Qazax lider mövqelərdədir.

 

Ya qaydalara tam riayət etməliyik, ya cəzalari çox sərtləşdirilməlidir.

 

Çünki başqa yol yoxdur artıq. Dünya miqyasında COVİD-19 koronavirus pandemiyasının ikinci dalğası başlanıb. Daha doğrusu, iki həftə əvvəl başlanmış bu proses son günlərdə daha da aktivləşib.

 

Asiya, Avropa, Cənubi və Şimali Amerikalar, Afrika, Avstraliya - elə bir məkan yoxdur ki, orada koronavirus bəlası yenidən aktuallaşmasın.

 

Azərbaycan da istisna deyil. Lakin Avropa və Amerikadan fərqli olaraq, ölkəmizdə "koronaateistlər", yəni koronavirusun təhlükəsini hələ də anlamayan və ya anlamaqdan qətiyyətlə boyun qaçıranlar, ölümcül risklə rus ruleti oynayanlar var.

 

Onlar az deyil və məhz bu insanlar Azərbaycanda karantin rejiminin bitmək bilməməsində suçludurlar.

 

Əvvəllər "Koronavirus yoxdur!" deyənlər, "Bill Geytsin qlobal çipləmə əməliyyatıdır, 5G şəbəkəsi vasitəsilə yayırlar" tipli marazmatik konspiroloji fərziyələr irəli sürənlər indi sanki inada durublarmış kimi, sosial təcrid və gigeyena qaydalarına əməl etmirlər. Belələri ictimai nəqliyyatda, ticarət obyektlərində və s. maskadan bilərəkdən istifadə etmir, etsələr də ən yaxşı halda maskanı çənənin aşağısında saxlayırlar.

 

Onlar öz sağlamlıqlarına laqeyd yanaşmaqla yanaşı, ətraflarındakı insanların həyatlarını riskə atırlar. Sonucda ölkədə koronavirusla bağlı statistikada yeni yoluxmaların sayı sağalan pasiyentlərin sayından çoxdur və bu, Azərbaycanın səhiyyə sisteminin çox ağır yük altında olduğunu göstərir. Xəstəxanalarda yer sayı ilə bağlı durum artıq kritik həddə çatır və belə davam edərsə, "yer yoxdur" sözlərini eşitməli olacağıq.

 

Karantin rejiminin tələblərinin pozulması, xüsusilə də fərdi-qoruyucu vasitələrdən, əsasən də maskalardan istifadə ilə bağlı müəyyən edilən tələblərə riayət edilməməsi kimi məsuliyyətsiz davranışlar koronavirusa yoluxmaların sayının artmasına ciddi təsir edib. Nəticə göz qarşısındadır: son günlərdə yoluxmaların sayı kəskin artdı.

 

Qanunlara ciddi riayət etməyin, bununla bağlı daha sərt qanunların qəbul edilməsi istiqamətində addımlar atmaq zəruri ehtiyaca dönüb.

 

Söhbət artıq Azərbaycan vətəndaşının sağlamlığı ilə yanaşı, rifahı, gələcək genofondun qorunması, eyni zamanda dövlət və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınmasına yönələn addımlardan gedir.

 

Doğrudur. karantin epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə bağlı cəzalar sərtəlşdirilib, cərimələr artırılıb. Qaydaları pozan vətəndaşı 200 manat, hüquqi şəxsi isə 400 manat məbləğində cərimə gözləyir.

 

Fəqət, cərimələr nə qədər böyük, cəzalar nə qədər ağır olarsa, vətəndaş məsuliyyəti əsas məsələdir.

 

İstənilən pandemiyanın və ya geniş miqyasda virus yayılmasının qanunauyğunluqlarından biri belədir: "əgər insanlar çox narahatdırsa, onda narahatlıq üçün səbəb böyük deyil. Amma narahat olanlar azdırsa, onda dövlət qurumları narahat olmalıdır".

 

İlk baxışdan qəribə görünən bu qaydanın bəsit açması var: epidemiyalar eksponensial inkişaf edir və bu səbəbdən virusun yayıldığı dönəmdə cəmiyyətdəki arxayınlıq, rahatlıq infeksiyanı dəfələrlə sürətləndirir.

 

Tipik misal kimi İsveçrəni göstərmək olar. Müxtəlif dillərdə danışan və fərqli milli mənsubiyyətli insanların yaşadıqları kantonlar arasında koronavirusa yoluxanların statistikası ilə bağlı kəskin fərqlər mövcuddur. Belə ki, italyan və fransız dilli kantonlarda koronavirusa yoluxanlar daha çox, alman dilli kantonda isə azdır.

 

Başqa viruslarda olduğu kimi, koronavirusun da yoluxma statistikası "R" əmsalı ilə müəyyənləşdirilir. R koronavirus daşıyıcısı olan insanın neçə adamı yoluxdurduğunu göstərir. Məsələn, koronaviruslu insan bir nəfəri yoluxdurarsa, R əmsalı 1 olur; 5 nəfəri yoluxdurubsa, 5 olur.

 

Almaniyada bu əmsal 1,1; Fransada - 1,3, Britaniyada 1,50-dir.

 

Azərbaycanda R əmsalının hesablanması ilə bağlı rəsmi statistika yoxdur. Lakin güman etmək olar ki, ölkədə bu əmsal 5,7-dən artıqdır.

 

Aylardan bəridir ki, ölkədə koronavirus pandemiyası ilə mübarizə aparılır. Lakin bu, sürəkli olaraq davam edə bilməzdi, çünki milyonlarla insanı uzun müddət "Evdəqal" şüarı ilə evdə, qapalı arealda saxlamaq çətin işdir.

 

Bu səbəbdən də mayın əvvəlindən bəri karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra tədbirlər gerçəkləşdirildi.

 

Lakin bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da həmin yumşalma tədbirləri koronavirusla bağlı statistikanın təhlükəli qrafik üzrə artımına səbəb oldu. Yoluxma və ölüm hallarının artımı isə karantin rejiminin yenidən bərpası ilə nəticələndi.

 

Azərbaycanda situasiyanı nəzarətdə saxlamaq olardı, hətta karantin rejimi bütünlüklə aradan qalxar, həyat əksər məqamlar baxımınlan normal axarına qayıdardı. Ancaq sosial izolyasiya qaydalarına və müvafiq dövlət qurumlarının tövsiyyələrinə əməl etməyənlərin sayının azalmaması nəticəsində koronavirus pandemiyası ilə bağlı durum ağırlaşdı.

 

İyun ayının ortalarından bahlayaraq koronavirus ölkədə daha sürətlə yayılmağa başlandı və sutkalıq yoluxma sayı 500-ü keçdi.

 

Bəhs olunan səbəbdən də iyunun 21-dən etibarən ciddit karantin rejimi və SMS-icazə sistemi yenidən bərpa olundu. Beləcə, sutkalıq yoluxma və ölüm statistikasında nisbi sabitləşmə təmin olundu.

 

Amma bütün bunlar ölkədə koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyətin qənaətbəx olması anlamına gəlmir. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.

 

Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Bu tədbirlər nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

 

Bununla yanaşı, hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bütün dünyada bu problemin qısa müddətli və asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

 

Yoluxmaların statistikasına nəzər salsaq, görərik ki, vətəndaşlarımız əsasən iş yerlərində, ailə daxilində, ictimai nəqliyyatda və kütləvi yerlərdə koronavirusa yoluxurlar.

 

İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillər sırasındadır.

 

Xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir.

 

Eyni zamanda, vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur.

 

Problemin həlli iş yerlərində əməkdaşların sayının azaldılması, məsafəli və növbəli iş rejimlərinin tətbiqidir. Vətənaşlarımız ifrat zərurət olmazsa ictimai nəqliyyatdan istifadə etməməlidir.  İctimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.

 

Və əfsuslar olsun ki, mövcud vəziyyət, epidemioloji durum hazırda tətbiq olunan karantin tədbirləri rejiminin uzadılmasını zəruri, hətta qaçılmaz edir.

 

Vətəndaşlarımız birdəfəlik anlamalıdır ki, koronavirus pandemiyasına qalib gəlməyin yeganə yolu məsuliyyətli olmaq, karantin qaydalarına şəksiz və tam əməl etməkdir.

 

Nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik.Milli.az

Tarix: 30 İyun 2020, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin