BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq”dan müqavilələrin yenilənməsi ilə bağlı açıqlama: Müvafiq tapşırıqlar verilib – YENİLƏNDİ

Sabunçu rayonunda yaşayan vətəndaşların müraciətləri əsasında “Azərişıq” ASC-yə ünvanladığımız sorğuya cavab verilib.

 

Qurumun Enerji Satışı Departamentinin direktoru Elçin Dadaşov bildirib ki, “Elektrik enerjisinin ölkədaxili tariflərin tənzimlənməsi barədə” Tarif Şurasının 29 dekabr 2024-cü il tarixli, 19 nomrəli Qərarına əsasən, elektrik enerjisinin ölkədaxili tarifləri dəyişdirilib.

 

Bu səbəblə "Azərişıq" ASC ilə istehlakçılar arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqavilələrinin mərhələli şəkildə yenilənməsi üçün Rayon (Region) Enerji Təchizatı və Satışı İdarələrinə müvafiq tapşırıqlar verilib.

 

Aytəkin Qardaşova

 

***

2025-02-27 08:57

 

Məlum olduğu kimi, Azərbaycanda 2025-ci ilin yanvar ayından etibarən elektrik enerjisinin yeni tarifləri qüvvəyə minib. Bununla əlaqədar “Azərişıq” ASC və abonentlər arasında müqavilələrin yenilənməsi məsələsi narazılıq yaradıb.

 

Sabunçu rayon sakinlərinin Pravda.az-a  ünvanladıqları şikayətdə bildirilib ki, rayon enerji təchizatı və satış idarəsinin rəisinin  tapşırığına görə, yeni müqavilələrin bağlanması üçün ərazidəki mənzillərdən, evlərdən şəxsiyyət vəsiqələrinin surəti toplanılır.

 

Vətəndaşlar narazıdırlar ki, üzərində heç bir sənədi olmayan işçilər onların qapılarını döyür.

 

“İndi hansı dövrdür ki, mənzilin qapısını döyənə sənəd göstərəsən?! Üstəlik həmin şəxsin üzərində heç bir sənədin olmaması nə deməkdir? Belə idarəetmə olmaz axı. Dələduzluq hallarının baş alıb getdiyi bir zamanda “Azərişıq” ASC-nin belə bir addım atması anlaşılan deyil. Hələ o ayrı məsələdir ki, yeni tariflər qüvvəyə minirsə, yeni müqavilənin bağlanmasına nə ehtiyac var?! Belə bir zərurət varsa belə, abonentlər idarəyə dəvət olunmalı, müqavilə yenilənməlidir. Doğru yol budur”, - şikayətdə qeyd olunub. 

 

Pravda.az "Azərişıq" ASC-yə sorğu ünvanlayıb.

 

Qurum tərəfindən məsələyə hələ ki heç bir mövqe bildirilməyib.

 

Aytəkin Qardaşova

Tarix: 2 Aprel 2025, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin