BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: “Xarici qüvvələrin bizim siyasətimizə təsiretmə imkanları yoxdur”

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın 130-dan çox dövlətinin dəstək verməsi çox önəmli hadisədir, dövlət diplomatiyasının böyük uğurudur. Dövlət başçısının bu təşəbbüsünün dəstəklənməsi beynəlxalq miqyasda Azərbaycana olan böyük etimaddan və ölkəmizin dünya birliyində artmaqda olan nüfuzundan xəbər verir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov qeyd edib ki, Dayanıqlı inkişaf və tərəqqi yolu, yüksələn reytinq və qazanılan iqtisadi-siyasi dividendlər, sistemli islahatlar və onun uğurlu nəticələri dünya birliyində olan nüfuzun artmasına şərait yaradıb: “Müstəqillik qazandıqdan sonra dünya birliyinə inteqrasiya, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsini ön plana çıxaran Azərbaycanda həyata keçirilən balanslaşdırılmış siyasət müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Xarici siyasəti, ikitərəfli və çoxtərəfli əlaqələrini beynəlxalq hüquq normaları, milli maraqlar zəminində davam etdirən ölkəmiz dünya arenasında önəmli yer tutmaqla bərabər, beynəlxalq əlaqələri daha da genişlənməkdə, tərəfdaşlarının sayı artmaqdadır. Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanır, ölkənin geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir”.

 

Deputat qeyd edib ki, çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir: “Uğurlu xarici siyasət kursunun həyata keçirilməsi və müasir çağırışlar nəzərə alınmaqla inamla davam etdirilən siyasət xətti sayəsində bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir. Dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır. Dövlət siyasətimizin milli maraqlar üzərində qurulduğunu bəyan edən ölkə başçısı hər zaman vurğulayır ki, xarici qüvvələrin bizim siyasətimizə təsiretmə imkanları yoxdur. Dövlət olaraq prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti siyasi uğurlarımızın əsas səbəbidir. Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirən, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir və bizimlə əməkdaşlıq edən dövlətlərin sayı getdikcə artır. Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə ən yüksək qurumlardan biri Birləşmiş Millətlər Təşkilatıdır. BMT sistemi son dərəcə çoxşaxəli olub, müxtəlif təşkilat və qurumlardan ibarətdir. Bu sistemdəki avtonom qurumlar içərisində ixtisaslaşmış təşkilatlar xüsusi yer tutur ki, Azərbaycan bu qurumların fəaliyyətində hər zaman yaxından iştirak etmişdir. Qeyd edim ki, cənab Prezident dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişdir. Həmçinin bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Pandemiya dövründə ölkəmizin uğurlu daxili və xarici siyasəti davam etdirildi. Bir sıra vacib onlayn konfranslar həyata keçirildi. Təəssüf ki, BMT və digər mötəbər təşkilatlar qlobal səviyyədə xüsusi sessiyalar keçirmədi. Prezident İlham Əliyevin belə bir sessiyanın təşkili ilə bağlı təklifinin 130 ölkə tərəfindən dəstəklənməsi bir daha göstərdi ki, buna ehiyac zərurət var. Hələ cənab Prezident Qoşulmama Hərəkatının onlayn zirvə görüşündə belə bir sessiyanın zəruriliyini vurğulamışdı. Ölkə başçısının təşəbüsünə dünya dövlətləri tərəfindən olan müsbət münasibət və dəstək ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin gücündən xəbər verdi”.

Tarix: 1 İyul 2020, 20:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin