BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniya Prezidentinin Azərbaycana səfəri: “Söyüş müxalifəti”nin nümayəndələri ekstradisiya ediləcək? – AÇIQLAMA

“Dəfələrlə Azərbaycanın hüquq-mühafizə orqanları Almaniya kimi ölkələrə daimi müraciətlər edirlər. Ekstradisiyalar və digər hüquqi əməkdaşlıqlar çərçivəsində cinayət təqibi altında olan şəxslərin Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının tələblərinə zidd şəkildə Almaniyada himayə edilməsinin doğru olmadığını, bu insanların Azərbaycana verilməsininin zərurətini  ortaya qoyurlar. Heç bir halda ölkəmizdə qətiyyən Almaniya dövlətinin maraqlarına zidd onlarla şəxsi himayə edib saxlamamışıq. Anti-Almaniya kursunda, platformasında da yer almırıq. Eyni xətti onlardan da gözləyirik. Əminik ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində dövlətin milli maraqları, Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Almaniyanın moderatorluq funksiyalarını üzərinə götürməsi yönündə təşəbbüsləri də müzakirə olunub. Ən önəmlisi budur ki, informasiya teroru, hibrid savaşlarda iştirak edən, anti-dövlət, anti-hakimiyyət siyasətinə yuvarladılmış şəxslərin ölkəmizə təhvil verilməsi ilə bağlı addımların atılmasıdır. Bu, iki dövlət arasındakı münasibətləri yenidən sağlamlaşdırar, istiləşdirər, daha strateji məsələlər üzərində əlaqələrə imkan açar. Biz buna inanmaq istəyirik. Sözügedən şəxslər iki dövlət arasındakı münasibətlərin əsas düyün nöqtəsində, nüvəsində dayanmırlar. Biz əksər hallarda sosial, mənəvi simalarını itirmiş şəxslərdən danışırıq. Onlar partiya, hərəkat, qüvvə deyillər. Təəssüf ki, satqınlıq layihələrinə cəlb olunublar. Kütləni arxalarınca aparacaq qüvvələr deyillər. İnformasiya məkanını antaqonist, daha artıq dərəcədə qeyri-etik, qeyri-əxlaqi mövqelərlə tutmağa çalışan, siyasi mübarizənin mahiyyətini dəyişdirməyə cəhd edən qüvvələrdir. Buna görə də alman hökuməti tərəfindən onların hüquq-mühafizə orqanları vasitəsilə addımların atılması çox vacibdir. Bu gözləntiyə, bu məsələni tələb etməyə haqqımız, hüququmuz var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

“2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi durumun ən qabarıq cəhətlərindən biri bu oldu ki, bir çox dövlətlər, o cümlədən Almaniya nəticələri öz mənafeyinə, strategiyasına, planlarına zərbə saydı. Bəli, Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazandığımız qələbə təkcə Ermənistan üzərində deyildi, həm də geosiyasi inqilab mahiyyətli idi və 1990-cı illərdə Birinci Qarabağ savaşından sonra formalaşan münasibətlər sistemini, daha artıq dərəcədə bölgə üzərindəki istismar strukturlarını, alətlərini, vasitələrini dağıtdı. Həmin qüvvələrin maraqları sanki elə Ermənistan kimi məğlubiyyətə uğradı. Bu səbəbdən Almaniya da əleyhimizə olan mövqelərə daha fəal qoşuldu. Beyin mərkəzləri, siyasi strukturlar, vətəndaş cəmiyyəti birlikləri, USAID formatında əməkdaşlıq çərçivəsində çalışan qurumlar dərhal Ermənistanı, erməniləri, onların müxtəlif siyasi-ictimai institutlarını himayəyə götürdü, fəal şəkildə Azərbaycanın əleyhinə Bundestaqda və digər platforamlarda, o cümlədən Avropa Şurasında sistemli fəaliyyətlər apardı. Halbuki buna bizim əsas yaradan addımlarımız olmamışdı, Azərbaycan bu dövlətin maraqlarını hansısa qlobal sistemdə əngəlləyəcək fəaliyyətləri həyata keçirməmişdi. Onlar isə düşündülər ki, bizi müxtəlif təzyiqlər altında saxlamaqla həm geosiyasi, həm iqtisadi, həm də regional və başqa hərbi xarakterli mənafelərini həyata keçirə bilərlər. Təzyiq elementlərindən biri də mühacirlər, əsl həqiqətdə isə adları informasiya terroruna bağlı olan şəxsləri qruplaşdırmaq, şəbəkələşdirmək, onalara media tribunası vermək, müxtəlif maliyyə mənbələri yaratmaq, Azərbaycan əleyhinə beynəxalq təşkilatlarda sistemli anti-təbliğatlar aparmaq idi. Eyni zamanda informasiya məkanını əleyhimizə döndərməklə ölkəmizin investisiya mühitinə, xarici əlaqələrinə zərbə vurmaq üçün strateji addımlar atılmağa başlandı. Əlbəttə ki, bundan irəli gələrək dəfələrlə Almaniyanın müxtəlif qurumlarına, təşkilatlarına etirazlarımızı göndərdik. O sırada müxtəlif rəsmi səfərlər, görüşlər baş versə də, nəticədə məsələ indiki mərhələdə yenə də bir sıra sferalarda ciddi siyasi baxış ayrılıqları səviyyəsində qalır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer xarici işlər naziri statusunda və digər ranqlar statusunda ölkəmizə dörd dəfə səfər edib. Ondan artıq telefon danışığı ilə Prezident İlham Əliyevin regionda həyata keçirdiyi siyasətin əsl mahiyyətini bilir. Qarşılıqlı hörmət və etibar formalaşıb və bu, çox önəmlidir. Diqqət edirsinizsə, indi son günlərini yaşayan Almaniyanın xarici işlər naziri Annalena Berbokdan fərqli olaraq Almaniyanın idarəetmə sistemi də bəlli bir modeldə qurulub. Bununla bərabər, xarici işlər nazirinin Azərbaycana sistemli təzyiqləri, iftira və böhtanları fonunda Ştaynmayer xeyli dərəcədə mötədil, daha rasional mövqe üzərində qərarlaşıb. Mühacirləri müxtəlif imtiyazlara sahib etmək, maliyyə mənbələri yaratmaq, onları sistemli informasiya terrorunda qidalandırmaq, qorumaq və xarici səfərlər gerçəkləşərkən onları Prezidentin əleyhinə qaldırmaq, Almaniyada müxtəlif aksiyalara cəlb etmək ermənilərin geniş fəaliyyət çərçivəsində qruplaşdırıldıqları siyasətlə eyni sinxrondur. Bu gün Almaniya həmdə ermənilərin parlamentə, hökumətə, informasiya sistemlərinə daha güclü çıxdığı birinci ölkələrdən birinə çevrilib. İnanın ki, onlar hətta Fransada,  Amerikada indiki halda bu qədər güclü deyillər, nəinki Almaniyada. Ondan artıq parlament və hökumət təmsilçisinin ölkəmizə təşrif buyurduğu bir şəraitdə müxtəlif razılaşmalara gedilməsinə rəğmən prosesin sərtlik dərəcəsi, konfrantasiya mühiti zəifləsə də, son arzuladığımız istiləşmə baş vermədi. Ən maraqlısı budur ki, Ermənistanın Xankəndidən gedən ermənilərlə bağlı kursu tam aydın olduğu bir şəraitdə, danışıqlarda yer almadığı bir vəziyyətdə Paşinyan hökumətinin bunu beynəlxalq propoqanda alətinə döndərmədiyi qədər bu dövlətlər ortaya düşüblər. Sanki ermənilərin haqları üzrə vəkillik statusu bunlara verilib”, - komitə sədri bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 3 Aprel 2025, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin