BURADA REKLAMINIZ OLA
BİLƏR

Revmatizm xəstəliyinə diqqət - Həkimlər xəbərdarlıq edirlər

Revmatizm əzələ və skelet sisteminə təsir edən, xroniki gedişə malik, autoimmün və ya iltihabi xarakter daşıyan xəstəliklər qrupudur.


Pravda.az bildirir ki, revmatizmal xəstəliklər əsasən oynaqlarda, vətərlərdə, əzələlərdə və digər birləşdirici toxumalarda ağrı, şişkinlik və hərəkət məhdudiyyətləri ilə özünü göstərir.


Revmatizmin ən təhlükəli növlərindən biri kimi revmatoid artrit qeyd olunur. Bu zaman orqanizmin immun sistemi səhvən sağlam toxumalara hücum edir, nəticədə iltihab yaranır və bu, oynaqların deformasiyasına səbəb ola bilər.


Səbəblər arasında genetik faktorlar ön plandadır
 

Revmatizm əsasən genetik meyllilik, yaş, cinsiyyət, piylənmə, ətraf mühit təsirləri və travmalarla əlaqələndirilir. Mütəxəssislər vurğulayırlar ki, xüsusilə artıq çəkisi olan şəxslərdə bu xəstəlik daha ağır keçir və simptomlar daha kəskin olur.


Revmatizmin əsas əlamətləri hansılardır?


Oynaqlarda ağrı, qızartı, şişkinlik və hərəkət məhdudiyyəti

Səhərlər uzun müddət davam edən oynaqlarda sərtlik

Əzələ zəifliyi və yorğunluq

Bədən temperaturunun yüksəlməsi

İştahsızlıq və arıqlama

Gözlərdə yanma və ağız quruluğu

Bel, diz, ayaq və əllərdə diskomfort hissi

Bəzən daxili orqanların da zədələnməsi mümkündür


Revmatizm yalnız oynaqları deyil, digər orqanları da təsir edə bilər


Bəzi revmatizmal xəstəliklər yalnız əzələ və oynaq sisteminə deyil, həm də böyrəklər, ürək, ağciyərlər kimi daxili orqanlara da zərər verə bilər. Xüsusilə revmatoid artrit və lupus kimi növlər bu baxımdan risklidir.


Diaqnoz necə qoyulur?


Revmatizmin dəqiq diaqnozu üçün bir neçə müayinə üsulundan istifadə olunur:

Rentgen

Qan analizləri (CRP, ESH)

MRT və ya KT müayinəsi

Oynaq mayesi və ya toxuma nümunəsinin təhlili


Müalicəsi mümkündürmü?


Mütəxəssislər bildirirlər ki, revmatizm tam olaraq sağaldıla bilməsə də, dərman müalicəsi və həyat tərzi dəyişiklikləri ilə xəstəlik nəzarətdə saxlanıla bilər. Xüsusilə son illərdə tətbiq edilən yeni nəsil dərmanlar xəstələrin həyat keyfiyyətini artırmağa kömək edir.


Revmatizmal xəstəliklərin müalicəsi uzunmüddətli və bəzən ömürboyu davam edən bir proses ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, simptomlar yox olsa belə, xəstəlik hər an yenidən aktivləşə bilər. Bu səbəbdən mütəmadi olaraq həkim nəzarəti vacibdir.


Əminə Bayramova 

Tarix: 9 Aprel 2025, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin