BURADA REKLAMINIZ OLA
BİLƏR

Yatdığınız halda belə yorğunsunuz? - 6 aydan çox davam edirsə...

Yorğunluq insanın gündəlik işlərini yerinə yetirərkən özünü halsız, gücsüz və enerjisiz hiss etməsidir. Gündəlik fəaliyyətin üstündə fiziki iş görüldükdə yorulmaq normal sayılır və istirahətlə bərpa olunur. Lakin heç bir xüsusi fiziki yük olmadan belə insanın daima özünü yorğun hiss etməsi bəzi xəstəliklərin əlaməti ola bilər.

 

Pravda.az bildirir ki, heç bir xəstəlik əlaməti və ya fiziki halsızlıq olmadan, istirahətdən sonra da yorğunluq hissi varsa, bu xroniki yorğunluq sindromunun göstəricisi ola bilər. Bu sindrom ən çox fibromialgiya xəstəliyi ilə qarışdırılır.

 

Xroniki yorğunluq sindromu nədir?

 

Bu sindrom 6 aydan uzun müddət davam edən, başqa heç bir tibbi səbəblə izah olunmayan daimi yorğunluq halıdır. Belə insanlarda gündəlik işlərini belə yerinə yetirə bilməmək, halsızlıq, əzələ ağrıları, yuxuya meyllilik və eyni zamanda yuxusuzluq müşahidə olunur. Ən çox 20-40 yaş arası qadınlarda rast gəlinir və kişilərə nisbətən 4 dəfə çox müşahidə olunur.

 

Xroniki yorğunluğun səbəbləri nələrdir?

 

Qan azlığı (anemiya): Orqanizmin oksigen daşıma qabiliyyəti azalır, nəticədə insan daima halsız olur.

 

Qalxanabənzər vəz xəstəlikləri: Xüsusilə hipotiroidizm hallarında yorğunluq tez-tez müşahidə olunur.

 

Şəkərli diabet: Qan şəkəri səviyyəsinin yüksəkliyi gücsüzlük və yorğunluğa səbəb olur.

 

Ürək-damar xəstəlikləri: Oksigen çatışmazlığı səbəbilə kiçik fiziki hərəkətlər belə yorucu olur.

 

İnfeksiyalar: Bədən infeksiyalara qarşı mübarizə apararkən enerji sərf edir və bu yorğunluqla nəticələnir.

 

Metabolik xəstəliklər: Qaraciyər və böyrək çatışmazlığı, elektrolit pozuntuları yorğunluq yaradır.

 

Onkoloji xəstəliklər (xərçəng): Xəstəlik bədənin ümumi funksiyalarını pozur, qidalanmanı və qanın tərkibini dəyişir.

 

Yuxu pozğunluqları: Yuxu problemləri bədənə istirahət imkanı vermədiyi üçün yorğunluğa yol açır.

 

Depressiya və stress: Psixoloji gərginlik və emosional yüklənmə bədənin enerjisini tükədir.

 

Xroniki yorğunluq sindromunun əlamətləri:

 

6 aydan artıq davam edən, səbəbi bilinməyən yorğunluq və halsızlıq

 

Gündəlik işləri yerinə yetirmədə çətinlik

 

Baş, boğaz, əzələ və oynaqlarda ağrılar

 

Saç tökülməsi, dırnaq qırılması

 

Depressiya, narahatlıq

 

Yuxusuzluq və ya çox yatma

 

Əgər bu əlamətlər birgə müşahidə olunursa, xroniki yorğunluq sindromundan şübhələnmək olar.

 

Xroniki yorğunluq sindromunun diaqnostikası necə aparılır?

 

Diaqnostika zamanı digər xəstəliklərin olub-olmaması araşdırılır. Qan analizləri, hormon səviyyələri, infeksiyalara dair testlər və metabolik müayinələr aparılır. Psixoloji vəziyyət də qiymətləndirilir. Doğru diaqnoz üçün psixoloq, psixiatr və digər tibbi mütəxəssislərdən ibarət çoxprofilli komanda ilə çalışmaq vacibdir.

 

Xroniki yorğunluq sindromunun müalicəsi necə aparılır?

 

Fərdi məşq proqramları – gündəlik yüngül və müntəzəm fiziki fəaliyyət

 

Psixoloji dəstək – psixoterapiya və stress idarəetməsi

 

Qidalanma və həyat tərzi dəyişiklikləri

 

Ailə və həkim əməkdaşlığı

 

Tövsiyə olunan əsas məqamlar:

 

İş və istirahət balanslı şəkildə planlanmalıdır

Ətraf mühitin temperaturu və havalandırması düzgün olmalıdır

Gündə 8-10 stəkan su içilməlidir

Kofein və çayın istifadəsi azaldılmalıdır

Gündə 30 dəqiqəlik piyada gəzmək tövsiyə olunur

Sağlam və balanslı qidalanma vacibdir – təbii, lifli, yağsız qidalar

Qızartmalardan uzaq durulmalı, sobada və ya buğda bişmiş yeməklər seçilməlidir

Axşam yeməkləri tərəvəz tərkibli olmalıdır

 

Əminə Bayramova

Tarix: 11 Aprel 2025, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin