BURADA REKLAMINIZ OLA
BİLƏR

60 yaşdan sonra risk artır: Parkinson xəstəliyinin ilk əlamətlərinə diqqət

Parkinson xəstəliyi beyində hərəkətə nəzarət edən bölgələrdəki sinir hüceyrələrinin zədələnməsi ilə meydana gələn və əsasən yaşlı insanlarda rast gəlinən xroniki nevroloji pozuntudur.

 

Pravda.az bildirir ki, xəstəlik beynin substantia nigra adlanan hissəsində dopamin istehsal edən hüceyrələrin zamanla məhv olması ilə inkişaf edir. Dopamin səviyyəsinin azalması nəticəsində insanın hərəkətləri üzərində nəzarəti zəifləyir, koordinasiya pozulur və xəstə gündəlik fəaliyyətlərdə çətinlik çəkir.

 

Əlamətlərə diqqət yetirin

 

Parkinson xəstəliyinin ilkin mərhələlərində bir çox insan sadə titrəmələri və yerişdə yüngül dəyişiklikləri nəzərə almaya bilər. Halbuki bu əlamətlər xəstəliyin ilk siqnalları ola bilər. Əsas simptomlara aşağıdakılar daxildir:

 

Əldə və ya ayaqda titrəmə (xüsusilə dincəlmə zamanı)

 

Hərəkətlərin yavaşıması

 

Əzələlərin sərtləşməsi

 

Kiçik addımlarla yeriş və bədənin önə əyilməsi

 

Mimikalarda ifadəsizlik

 

Əl yazısının və danışığın zəifləməsi

 

Xəstəlik yalnız motor funksiyalara deyil, eyni zamanda qeyri-hərəkət simptomlarına da səbəb ola bilər. Bunlara qəbizlik, yuxu pozğunluğu, depressiya, qan təzyiqinin düşməsi və qoxu hissinin zəifləməsi daxildir. Xəstəliyin gec mərhələlərində yıxılmalar və bəzi hallarda demensiya da müşahidə edilə bilər.

 

Xəstəliyin mərhələləri

 

Parkinson xəstəliyi 5 mərhələdə inkişaf edir. Başlanğıcda simptomlar yüngül və birtərəfli olur. İrəlilədikcə tarazlıq pozulur, hərəkətlər çətinləşir və bəzi hallarda xəstə yardımsız yeriyə bilmir. Son mərhələdə isə xəstə tam asılı vəziyyətə düşə və əlil arabasına ehtiyac duya bilər.

 

Xəstəliyin diaqnozu

 

Parkinsonun dəqiq diaqnozu üçün nevroloji müayinə, qan analizləri, MRT və son illərdə istifadəyə verilən DAT-Scan görüntüləmə üsulundan istifadə olunur. Bu texnologiya sayəsində dopamin səviyyəsi erkən mərhələlərdə belə qiymətləndirilə bilər.

 

Müalicə variantları

 

Müalicə əsasən dopamin səviyyəsini artıran dərmanlarla aparılır. Lakin bəzi hallarda dərmanlara reaksiya zəifləyir və yan təsirlər yaranır. Bu hallarda xəstəyə "Dərin Beyin Stimulyasiyası" (DBS) adlanan cərrahi metod tətbiq oluna bilər. Bu prosedur ürək stimulyatoruna bənzər bir cihaz vasitəsilə beynin hərəkət mərkəzlərinə elektrik impulsları göndərir və simptomların yüngülləşməsinə kömək edir.

 

Kimlər risk altındadır?

 

60 yaşdan yuxarı şəxslər

 

Ailəsində Parkinson xəstəsi olanlar

 

Pestisid və digər kimyəvi maddələrlə təmasda olanlar

 

Baş zədəsi keçirmiş və ya boksla məşğul olan şəxslər

 

Şəkərli diabeti olanlar

 

Siqaret və kafeindən istifadə edənlər

 

Parkinson xəstəliyi tam müalicə edilə bilməsə də, vaxtında diaqnoz və düzgün müalicə ilə xəstənin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər. Mütəxəssislər erkən mərhələdə əlamətləri hiss edən şəxslərin vaxt itirmədən nevroloqa müraciət etmələrini tövsiyə edirlər.

 

Əminə Bayramova

Tarix: 11 Aprel 2025, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin