BURADA REKLAMINIZ OLA
BİLƏR

"Camal LTD" şirkətinin satış təmsilçisinə elektron qolbaq taxıldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən İntiqam Səfərzadənin (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib. 

 

İttihama görə, İntiqam Səfərzadə dondurma istehsalı ilə məşğul olan "Camal LTD" şirkətində 10 mart 2020-ci il tarixdən 17 yanvar 2024-cü il tarixədək satış təmsilçisi vəzifəsində işləyib. O, 01 aprel 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində həmin şirkətin 31 772,97 manat məbləğində dondurma məhsullarını maddi məsuliyyətə götürməklə Bakı şəhəri, Suraxanı, Sabunçu rayonları və Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olan müştərilərə satıb. Təqsirləndirilən şəxs həmin məhsulların satışından əldə edilmiş 14 025,47 manat pul vəsaitinin bir hissəsini – 6 174,03 manatını şirkətin xəzinəsinə mədaxil edib. Lakin İntiqam 7 851,44 manat pulu şirkətin xəzinəsinə mədaxil etməyib, habelə satış məqsədilə müştərilərə çatdırılması üçün götürdüyü 3 858,71 manat məbləğində dondurma məhsullarını isə müştərilərə verməyib.

 

Beləliklə, İntiqam Səfərzadə "Camal LTD" şirkətinin ümumilikdə 11 710,15 manat pulunu mənimsəyib.

 

Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 16 Aprel 2025, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin