BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərinin ən çətin sınağı: Sədəf xəstəliyinə necə nəzarət etməli?

Bəzi xəstəliklər var ki, ömür boyu təkrarlanaraq həm fiziki, həm də psixoloji baxımdan insanı ciddi sınaqlarla qarşı-qarşıya qoyur. Çətinliklərə baxmayaraq, müasir tibbin inkişafı bu cür xəstəliklərin nəzarət altına alınmasına imkan yaradır. Belə xəstəliklərin başında gələn sədəf xəstəliyi (psoriaz) dəqiq səbəbi bilinməsə də, uyğun müalicə protokolları sayəsində minimum səviyyəyə endirilə bilir.


Pravda.az bildirib ki, sədəf xəstəliyi (psoriaz) xroniki gedişli və tam müalicəsi olmayan dəri xəstəliyidir.


Bu xəstəlikdə ölü dəri hüceyrələri dərinin səthində sürətlə yığılır və nəticədə xarici görünüşü parlaq ağ rəngli qabıqlarla örtülmüş qırmızımsı lövhələr yaranır. Dünyada əhalinin təxminən 1-3 faizində müşahidə olunur. Əksər hallarda 30 yaşdan sonra ortaya çıxsa da, doğuşdan etibarən də rast gəlinə bilər.


Xəstəliyin əsas əlaməti olan ağ qabıqlı lövhələr bədənin istənilən hissəsində yarana bilər. Saçlı dəridə və dırnaqlarda da tutulum müşahidə oluna bilər. Bəzən göbələk və ya ekzema ilə qarışdırıla bilən bu xəstəlik yalnız dermatoloq tərəfindən dəqiq diaqnoz edilə bilər.


Sədəf xəstəliyinin səbəbləri nədir?


Mütəxəssis bildirir ki, bu xəstəlik immun sisteminin dəriyə qarşı verdiyi reaksiyadır. Dərinin hüceyrələri antijenlər ifraz edir, bu antijenlər immun sistemi aktivləşdirir və nəticədə dəri hüceyrələrinin çoxalması ilə sədəf xəstəliyinə xas lövhələr əmələ gəlir. Xəstəliyin konkret səbəbi olmasa da, genetik meyilliliyin əhəmiyyətli rol oynadığı qeyd olunur. Psoriazın mükəmməllik meyli olan insanlarda daha çox müşahidə edildiyi bildirilir.


Xəstəliyin yaranmasında rol oynayan amillər:


Boğaz və sidik yolu infeksiyaları daxil olmaqla müxtəlif infeksiyalar


Yorğunluq

Stress

Günəş yanığı kimi ani dəri travmaları


Xəstəlik ömür boyu davam edir


Pasiyentləri ən çox maraqlandıran sual isə xəstəliyin daxili orqanlara təsiri ilə bağlıdır. Mütəxəssis qeyd edir ki, sədəf xəstəliyinin qaraciyər və böyrəklərlə birbaşa əlaqəsi yoxdur. Müalicədən sonra xüsusi pəhriz tövsiyə edilmir, lakin qaşınma yaradan qidaların (acı və ya çox ədviyyatlı yeməklər) azaldılması məqsədəuyğundur. Tədqiqatlar göstərir ki, çəkinin artması xəstəliyi daha da gücləndirə bilər. Buna görə sağlam qidalanma vacibdir.


Müalicə xəstədən asılı olaraq fərqli planlanır. Xəstələrin çoxunda piylənmə, hipertoniya və lipid pozuntuları kimi problemlər də müşahidə olunur və bunlar nəzərə alınmalıdır. Hazırda həm kremlər, losyonlar, həm də ağızdan qəbul edilən və ya inyeksiya şəklində tətbiq olunan dərmanlarla müalicə aparılır. Məqsəd simptomları azaltmaq və xəstəliyin təkrarlanmasının qarşısını almaqdır.


Sədəf xəstələri nəyə diqqət etməlidir?


Xəstələrin psixoloji vəziyyəti xüsusilə vacibdir. Lazım gələrsə, psixiatr dəstəyi də tövsiyə olunur. Dərinin quruluğuna qarşı daim nəmləndirici istifadə edilməli, dərini qıcıqlandıra biləcək vanna və duş prosedurlarından uzaq durulmalıdır. Müalicə zamanı həkimin təyin etdiyi preparatlar nizamla tətbiq edilməlidir. Eyni zamanda, həkim tövsiyəsi olmadan alternativ üsulların tətbiqi mövcud vəziyyəti daha da ağırlaşdıra bilər.


Əminə Bayramova 

Tarix: 16 Aprel 2025, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin