BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu qidalar sizin üçün təhlükə ola bilər

Qida seçimlərindən imtina etmək və sevdiyiniz yeməkləri "qadağan olunmuşlar siyahısı"na salmaq heç də asan deyil. Ancaq bəzən orqanizm sevdiyiniz, gündəlik istehlak etdiyiniz süd, çörək kimi sadə məhsullara qarşı belə müdafiə reaksiyası verə bilər. Bu vəziyyət "qida allergiyası" adlanır.

 

Pravda.az qida allergiyası haqqında ətraflı məlumatı təqdim edir:

 

Qida allergiyası nədir

 

Qida allergiyası - gündəlik istehlak olunan bəzi qidalara qarşı orqanizmin immun sisteminin reaksiya verməsidir. Bu, tez-tez qida dözümsüzlüyü ilə qarışdırılsa da, səbəbləri və yaratdığı təsirlər fərqlidir. Statistikaya görə, bu allergiyaya uşaqlarda 2-4 %, böyüklərdə isə 1-2 % nisbətində rast gəlinir.

 

Qida allergiyası nədən yaranır

 

Qida allergiyasının əsas səbəbi immun sistemin bəzi qidaların tərkibindəki zülalları təhlükə kimi qəbul edib, onlara qarşı IgE tipli anticisimlər (antikorlar) yaratmasıdır. Əgər orqanizmdə bu zülallara qarşı həssaslıq varsa, həmin qida ilə yenidən qarşılaşdıqda əvvəlcədən formalaşmış IgE anticisimləri müxtəlif maddələrin ifrazını artırır. Bu da allergiyaya aid olan simptomların yaranmasına səbəb olur.

 

Qida allergiyasının əlamətləri

 

Qida allergiyası bədənin müxtəlif nahiyələrində fərqli simptomlarla özünü göstərə bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

 

Dəridə qaşınma, qızartı, yanma və şişkinlik

 

Burnun tutulması, axması və qaşınması

 

Damaqda qaşınma

 

Göz yaşarması və qaşınması

 

Nəfəs almaqda çətinlik, xırıltı

 

Sinə ağrısı

 

Uşaqlarda yeməkdən imtina

 

Ürəkbulanma və qusma

 

Qanlı ishal

 

Qarın ağrısı və spazmlar

 

Təzyiqin düşməsi

 

Ürəkdöyünmə

 

Başgicəllənmə və ürəkgetmmə

 

Ən çox bu qidalar allergiyaya səbəb olur

 

Qida allergiyası hər yaşda meydana çıxa bilər - uşaq vaxtı başlayıb, yetkin yaşlarda da davam edə və ya keçə bilər. Bütün qidalar potensial allergen ola bilər. Uşaqlar arasında ən çox allergiyaya səbəb olan məhsul isə inək südüdür. Bundan əlavə, aşağıdakı məhsullar da həm uşaqlarda, həm böyüklərdə allergik reaksiyalara səbəb ola bilər:

 

Yumurta

 

Qlüten

 

Mayalı qidalar

 

Qabıqlı dəniz məhsulları

 

Yerfındığı

 

Quru meyvələr və çərəzlər

 

Buğda

 

Küncüt

 

Çiyələk

 

Qoz

 

Şokolad

 

Paxlalılar (noxud, mərci və s.)

 

Qida allergiyası necə müəyyən edilir

 

Əksər hallarda valideynlər uşağın müəyyən qidanı qəbul etdikdən sonra eyni simptomları təkrarladığını müşahidə etdikdə ilk şübhələr yaranır. Bu mərhələdə dəri və qan testləri aparılır. Əgər test nəticələri pozitivdirsə, qida allergiyası diaqnozu qoyulur. Test nəticələri qeyri-müəyyən olduqda isə provokasiya testi (qida ilə qarşılaşdırma) aparılaraq dəqiq nəticə əldə edilir.

 

Qida allergiyası necə müalicə olunur

 

Qida allergiyasını tamamilə aradan qaldıran konkret bir müalicə üsulu yoxdur. Ən effektiv yanaşma - həmin qidanın və onun törəmələrinin menyudan çıxarılmasıdır. Qidanı az miqdarda qəbul etmək belə allergik reaksiyanın qarşısını almır, buna görə tamamilə uzaq durmaq vacibdir.

 

Əgər simptomlar yüngüldürsə, antihistaminik və kortikosteroid tərkibli dərmanlardan istifadə oluna bilər. Ancaq əlamətlər ağırlaşarsa, xəstəyə adrenalin auto-enjektor (adrenalin inyeksiyası) verilir və bu barədə təlimatlandırılır.

 

Qidanın hazırlanma üsulu da allergik təsiri dəyişə bilər

 

Qidanın bişirilmə forması - məsələn, qaynatmaq və ya qızartmaq - allergik reaksiyanın gücünə təsir edə bilər.

 

Xüsusilə konservantlar (qoruyucu maddələr) və emal edilmiş məhsullar allergiya riskini artırır.

 

Hətta bəzi hallarda xərçəng və allergiya riski paralel gedə bilər.

 

Əminə Bayramova

Tarix: 22 Aprel 2025, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin