BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Mikromaliyyə Assosiasiyasının 17-ci illik təltif şam ziyafəti keçirildi

Aprelin 18-də Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 17-ci İllik Təltif Şam Ziyafəti baş tutub.

 

Pravda.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, xarici səfirliklərin, bank və bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, biznes assosiasiyalarının, həmçinin yerli və beynəlxalq mikromaliyyə qurumlarının rəhbərləri daxil olmaqla ümumilikdə 108 nümayəndə iştirak etdi.

 

Ziyafət Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank ASC-nın eksklüziv, fəal üzv bank olmayan kredit təşkilatları  “Prior”, “Monetri”, “AqrarKredit” QSC, “PARABOKT” ASC, “Avrasiya-Kredit”, ölkənin tanınmış sığorta şirkətləri “Mega Sığorta” ASC, “Mega Həyat” ASC, innovativ maliyyə texnologiyaları üzrə ixtisaslaşmış “ Fimple ” şirkətinin gümüş tərəfdaşlığı ilə həyata keçirilib.

 

Tədbirin rəsmi hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev Assosiasiyanın mikromaliyyə sektorunun inkişafına verdiyi töhfələri vurğulayıb.

 

AMFA-nın İcraçı direktoru Jalə Hacıyeva çıxışı zamanı Assosiasiyanın son illərdəki fəaliyyətinə – sektorun transformasiyası, rəqəmsallaşma və regional layihələrin təşviqi sahəsində atılmış mühüm addımlara diqqət çəkdi.

 

Çıxış edən qonaqlar sırasında Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Olmayan Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, PAŞA Bank ASC-nin Maliyyə İnstitutları şöbəsinin baş müştəri təmsilçisi Əzim Qarayev, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Qanunvericiliyin Monitorinqi və Sahibkarlıq  Subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov AMFA ilə əməkdaşlığın əhəmiyyətini və sektorun davamlı inkişaf perspektivlərini iştirakçılarla bölüşüblər.

 

Tədbirin əsas məqsədi maliyyə institutları və tərəfdaş təşkilatlar arasında əməkdaşlığı gücləndirmək, sektor üzrə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və nümunəvi fəaliyyət göstərən üzv təşkilatları təltif etməklə səmərəli fəaliyyətlərini dəstəkləmək idi.

 

AMFA-nın Mükafat Komitəsinin qərarı ilə aşağıdakı təşkilatlar xüsusi nominasiyalar üzrə mükafatlandırılıb:

 

1. “Mikromaliyyə sektorunda çirkli pulların yuyulmasına qarşı effektiv mexanizmə malik təşkilat” nominasiyası üzrə – “City Finance” MMC

2. “Müştərilərə rəqəmsal maliyyə xidmətlərinin göstərilməsində lider mikromaliyyə təşkilatı” nominasiyası üzrə – “FINCA Azerbaijan” MM QBKT

3. “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyası üzrə – “EmbaFinance” QSC

 

Ziyafət çərçivəsində iştirakçılar arasında dünyagörüşü mövzusunda viktorina təşkil olunub. Qaliblərə AMFA-nın növbəti tədbiri – “İşə qayıdış” piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim edilib. Tədbirdə iştirakçılarla xatirə fotosu çəkilib.

 
 
Tarix: 22 Aprel 2025, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin