BURADA REKLAMINIZ OLA
BİLƏR

Solğun dərinin səbəbləri nələrdir?

Uşaqlar və gənclərdən tutmuş böyüklərə qədər hər yaşda rast gəlinə bilən solğun dəri bəzən bədən daxilindəki bir problemin, bəzən də xarici faktorların xəbərçisi ola bilər.

 

Pravda.az bildirir ki, dərinin rəngini itirməsi və solğun görünməsi sadəcə kosmetik narahatlıq deyil, eyni zamanda orqanizmdəki bəzi problemlərin də göstəricisi ola bilər.

 

Əgər ciddi bir tibbi səbəb yoxdursa, əsas səbəb tapıldıqdan sonra sadə dəyişikliklərlə dəri yenidən canlı görünüşünə qovuşa bilər.

 

Solğun dərinin əsas səbəbləri

 

Dərinin parlaqlığını itirməsinin arxasında həm daxili, həm də xarici faktorlar dayanır. Daxili səbəblər arasında dəmir çatışmazlığı, böyrək xəstəlikləri və tiroit pozğunluqları kimi sağlamlıq problemləri dayanır. Xarici təsirlər isə əsasən düzgün olmayan dəriyə qulluq, stress, hava çirkliliyi, makiyaj vərdişləri və sağlıqsız həyat tərzi ilə bağlıdır.

 

Dərinizin solğunlaşmasına səbəb ola biləcək faktorlar:

 

Stress: Orqanizmdə ilk zərbə dəridə hiss olunur. Gərginlik dərinin mat və solğun görünməsinə səbəb olur.

 

Yuxusuzluq: Bədəni istirahətdən məhrum etmək dərinin bərpasına mane olur.

 

Hava şəraiti: Çirkli hava, sərt küləklər, klima və isitmə sistemləri dərinin nəm balansını pozaraq solğun görünüş yaradır.

 

Makiyaj vərdişləri: Gecə makiyajla yatmaq, kimyəvi tərkibli məhsullardan istifadə etmək dərini yorur.

 

Sağlam qidalanmamaq: Vitamin çatışmazlığı olan rasion dərinin parlaqlığını azaldır.

 

Günəş şüaları: Günorta saatlarında UV şüalarına məruz qalmaq dərini qurudur və ton fərqlərinə səbəb olur.

 

Siqaret və alkoqol: Siqaret dərinin boz və zolaqlı görünməsinə, alkoqol isə dərinin qurumasına səbəb olur.

 

Solğun dərini parlaq dəriyə çevirmək üçün nə etməli?

 

Dərinin əvvəlki canlılığını bərpa etmək üçün aşağıdakı məsləhətlərə əməl etmək tövsiyə olunur:

 

Zehni rahatlaşdırın: Yoga, meditasiya və təbiətdə gəzintilər psixoloji rahatlıq yaradaraq dəriyə də müsbət təsir edir.

 

Düzgün yuxu rejimi yaradın: Dəri gecələr bərpa olunur. Eyni saatda yatmağa çalışın.

 

Dəriyə təbii vasitələrlə qulluq edin: Təmiz tərkibli məhsullardan istifadə edin, evdə hazırlanmış təbii maskalardan faydalanın.

 

Makiyajdan uzaq durun: Ağır makiyajdan qaçın və gün sonunda dərini dərhal təmizləməyi vərdişə çevirin.

 

Sağlam qidalanın: Bol su için, A, C, D, E vitaminləri ilə zəngin məhsulları qəbul edin, işlənmiş və yağlı qidalardan uzaq durun.

 

Siqaret və alkoqolu tərk edin: Dərinin nəm və elastikliyini qorumaq üçün bu zərərli vərdişlərdən uzaq durmaq vacibdir.

 

Parlaq dəri üçün faydalı qidalar:

 

Tünd yaşıl yarpaqlı tərəvəzlər: Hüceyrə yenilənməsini sürətləndirir.

 

Somon və digər yağlı balıqlar: Dərinin nəm balansını qoruyur.

 

Antioksidant vitaminlər (A, C, E): Dərini xarici təsirlərdən qoruyur.

 

Qoz: Qan dövranını yaxşılaşdıraraq dərinin parlaqlığını artırır.

 

Əgər bu addımlara baxmayaraq dərinizdə solğunluq davam edirsə, problemin arxasında yatan səbəbləri aşkara çıxarmaq üçün dermatoloq və ya daxili xəstəliklər üzrə həkimə müraciət etməyiniz tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 24 Aprel 2025, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin