BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq şairi: “İndiki vəziyyət davam etsə, insanlarımız Hamletin məşhur sualı qarşısında qala bilər”

Dünyada tüğyan edən, özünü hakimi-mütləq hesab edən koronavirus pandemiyasının fonunda ən müxtəlif fikirlər, hətta şayiələr meydana çıxır. Hərə bir söz deyir. Gözəgörünməz düşmən müxtəlif adamların adı ilə bağlanır, onun fərqli planlara hesablandığı iddia edilir. Amma söhbət qorunmaqdan gedəndə hər kəs bir küncə çəkilir. Maska taxmağın, sosial məsafə saxlamağın lazımsız olduğunu, heç bir məntiqə sığmadığını deyənlər az deyil. Nəticədə bu rəqəmə mütənasib olaraq yoluxanların, ölənlərin sayı artır.

 

Vəziyyəti dəyərləndirən xalq şairi Nəriman Həsənzadə “Sherg.az”a açıqlamasında bildirib ki, ekspertlərin dediklərinıə əməl etmək ən ideal çıxış yoludur:

 

 

“Ölkədə mənəvi durum ağırdır. Hər gün koronavirusa yoluxma baş verir-sayı beş yüzdən az olmur! Gözlə görünməyən, əllə tutulması mümkün olmayan, rəngindən, iyindən seçilməyən bu hiyləgər, xəyənatkar, mənfur düşmənin özü maskalanmışdır. Biz nə üçün maska taxmayaq, əlcək geyməyək, məsafə saxlamayaq?! Fəsadlarını məharətlə göstərən bu qatil süfrəmizin başında, ocağımızın qırağında, üstümüzdə-başımızda hücuma hazır vəziyyətdədir. Yazı masamızın üstə, əlimizdəki qələmdə olanda da o, maskalıdır.  O, hücumdadır, biz müdafiədə. Düşmən qabağına əli yalın çıxma, ey insan! Əlcək, maska, ara məsafə saxlamaq, sabunla əlləri yumaq, daha çox evdə olmaq, cəmiyyətdə təklənmək... Bunları mütəxəssislər deyirlər- sizə də, mənə də. Bunu ölkə başçısı deyir -sizə də, mənə də. Nəhayət, bunu xəstə yatağında olanların özləri deyir-sizə də, mənə də. Bu çağırışlar həyata, yaşamağa səsləyir, sizi də, məni də”.

 

N.Həsənzadə başana gələn analoji bir hadisəni də ərt edib. Onun fikrincə, analoji hadisələrdə məsuliyyətli və diqqətli olmaq ən vacib məsələdir:

 

“Yeri gəlmişkən, bir acı xatirəm var. 1972-73-cü illər idi. Yaxın bir qohumum müharibədən sonra Odessa şəhərində qalıb yaşayırdı. Uşaqlarım körpə olduğu üçün isti iyun-iyul aylarını orada keçirmək istəyirdim. Təyyarə ilə uçduq. Gözəl bir mehmanxanada bizə yer sifariş vermişdilər. Qara dəniz zahillərinə gedib-gəlirdik.  Odessaya düşdüyümüz həftənin üçüncü, ya dördüncü günüydü, mehmanxanadakı radiodan diktorların gür səsini eşitdim. Gördüyüm üzlərdə, gözlərdə vahimə varıydı: bütün şəhərə vəba xəstəliyi yayılmışdı. Maşınlar güllə sürətilə yollardan şütüyür, hamı tələsir, adamlar seyrəkləşirdi. Odessada yollar bağlandı.

 

Karantin elan edildi. Şəhəri boşaldırdılar-sanatoriyalara, xəstəxanalara, gəmilərə, başqa-başqa yerlərə. Mehmanxanada ailəmlə tək qalmışdım. Məni haraya köçürəcəklər? Kiyevə, Ukrayna Yazıçılar İttifaqınının sədri yazıçı Oles Qonçara zəng vurdum. Vəziyyəti danışdım.  Böyük və məşhur romanlar müəllifi Oles Qonçarla qabaqlar Kiyevdə iki dəfə görüşmüşdüm. “Azərbaycn-Ukrayna ədəbi əlaqələri” mövzusunda elmi tədqiqatla məşğul idim. Elmi rəhbərim indiki BDU-da kafedra müdiri professor, böyük ədib Mir Cəlal Paşeyev idi. Aspiranturada oxuyurdum. İlk dəfə bu mövzunu elmi iş kimi Mir Cəlal təklif etmişdi.

 

Oles Qonçar razılıq eləyib, salam göndərir, özü də bəzi məsləhətlər verirdi. Böyük yazıçımız Ənvər Məmmədxanlını müharibə vaxtı Ukrayna cəbhəsindən tandığını deyirdi. Ruhları behişt olsun, hamısı dünyasını dəyişib. Oles Qonçarın Odessa şəhər rəhbərliyinə zəngi ilə məni Qara dənizdə lövbər salmış “Admiral Naximov” adlı böyük bir gəmidə karantin keçməyə göndərdilər. Gəmi dolurdu-boşalırdı. İnsanlar gözümün qabağında ələnirdilər. Ananı-baladan, atanı-oğuldan, əri-arvadından, qardaşı-qardaşından ayırıb aparırdılar.

 

Hələ şayiə də yayılışdı ki, karantində olan şəhərə təzədən vəba keçməsin deyə bizim gəmini dənizdə batıracaqlar. Gəmidə üsyana bənzər etiraz səsi qalxmışdı. Şəhər partiya komitəsinin rəhbər işçiləri gəmiyə gəlib izahat işi apardılar. Həkim yoxlamasından sonra məni ailəmlə  buraxdılar. Yenə təyyara ilə uçub qayıtdım.

 

Bakıda təyyarəmizi aeroportdan bir kilometr aralı saxlamışdılar. Yenə yoxladılar. Allaha dua edirdim ki, heç bir xəstəlik tutmamışdıq. Mən bu epidemiyanın murdar üzünü gördüyüm üçün mütəxəssis sözünə, müdriklərin fikirlərinə, vətəndaş çağırışlarına xüsusi hörmətlə yanaşmağı tövsiyə və xahiş edirəm. İndiki vəziyyət davam etsə, insanlarımız Hamletin məşhur sualı qarşısında qala bilər. Biz birlikdə bütün xəstəliklərə qalib gələcəyik-bu fikrə tam səmimiyyətimlə inanıram.”

Tarix: 7 İyul 2020, 07:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin