BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xalqımız böyük xilaskar ulu öndər Heydər Əliyevin Azərbaycan üçün çəkdiyi əziyyətləri, göstərdiyi fədakarlıqları daim yad edəcək” - RƏY

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlətçiliyinin qurtuluş tarixidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir bayram gündür. Bu tarixi xalqımız üçün əsl qurtuluş tarixinə çevirən isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev olub. Bu gün xalqımız tam əmindir ki, müstəqil, suveren Azərbaycan Heydər Əliyev ideyalarının davamçıxı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə ucalacaq, yeni-yeni uğurlara imza atacaq.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən siyasi şərhçi Abutalıb Səmədov 1990-cı illərin əvvəllərində Azərbaycan hakimiyyətində hökm sürən siyasi prosesləri təhlil edib.

 

Radikal müxalifət liderləri Avropa İttifaqından aldıqları qulaqburmasından  sonra fəallaşacaqlar, ölkəmizə qarşı kampaniyaya başlayacaqlar - RƏY Pravda. az

 

O xatırladıb ki, 1993-cü ilin iyununda AXC-Müsavat hakimiyyəti Surət Hüseynova qarşı Gəncədə əməliyyat keçirdi və  ölkəni dərin böhran içinə salıb: “Surət Hüseynov hökumət qoşunlarını məğlub edərək Bakıya tərəf gəlməyə başladı, Lənkəranda Ələkram Hümbətov hakimiyyəti ələ aldı və vəziyyətin son dərəcə ağır olduğunu görən AXC-Müsavat hakimiyyəti Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldı. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi, əvvəlcə Gəncədəki vəziyyəti öyrəndi, sonra iyunun 15-də parlamentin sədri seçildi. İki gün sonra Əbülfəz Elçibəy heç kimə xəbər vermədən Bakını tərk etdi və hakimiyyətin bütün ağırlığı böyük Heydər Əliyevin üzərinə düşdü. Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başladı, sonradan prezident seçildi. Erməni-rus birləşmələri tərəfindən torpaqlarımızın işğal olunmasının qarşısını almaq üçün 1993-cü il, noyabrın 2-də xalqa müraciət etdi. Azərbaycan ordusunun bir hissəsi ayrı-ayrı siyasi qüvvələrə xidmət edirdi. Bu, torpaqlarımızın müdafiəsinə maneə olurdu. Təcili yeni nizami ordu yaratmaq lazım idi. Qısa müddətdə on minlərlə könüllü orduya yazıldı, ordumuz yenidən formalaşdı. 1994-cü ilin yanvarında Azərbaycan ordusu hücuma keçərək bir neçə mühüm yaşayış məntəqələrini azad etdi. Ermənilər gördülər ki, qarşılarında dayanan əvvəlki Azərbaycan ordusu deyil, artıq güclü ordu formalaşıb. 1994-cü ilin sentyabrında Əsrin Müqaviləsi imzalandı. Azərbaycan Qərb şirkətlərini neft müqaviləsində iştirak etmək üçün dəvət etdi. Bu müqavilə sonrakı qələbələrimizin əsası oldu. 1996-cı ildə Lissabonda keçirilən ATƏT sammitində Ermənistan istisna olmaqla, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bundan sonra Ermənistan prezidenti Levon Ter-Petrosyan istefa verib, hakimiyyətdən getmək məcburiyyətində qaldı”.

 

A.Səmədov 2000-ci illərdə baş verən dəyişiklikləri, Azərbaycanın hazırkı vəziyyətini də şərh edib: “2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan neft müqaviləsindən gələn pulların hesabına çox ciddi addımlar atmağa başladı. Prezident İlham Əliyev ordumuzu gücləndirmək üçün əlindən gələni etdi. Öz gücünə inanan, torpaqları nəyin bahasına olursa, olsun, erməni işğalından azad etmək istəyən güclü ordu yarada bildik. Azərbaycan iqtisadiyyatı böyük sürətlə inkişaf etdi. 2016-cı ilin aprelində bu ordu ermənilərə  öz gücünü göstərdi. Çox təəssüf ki, həmin qarşıdurmadan - Aprel döyüşlərindən ermənilər düzgün nəticə çıxarmadılar. Bizim sülh yolu ilə torpaqları azad etmək təkliflərimizi qəbul etmədilər. Əksinə, 2020-ci ilin yayında Tovuz istiqamətində torpaqlarımıza təcavüz etməyə cəhd göstərdilər. Sonra sentyabrın 27-də yenə də Azərbaycan ərazilərini atəşə tutdular və ordumuz Ali Baş Komandanın əks hücuma keçmək barədə əmrini icra etdi. 44 günlük müharibə ermənilərin məğlubiyyəti ilə nəticələndi, təslim aktına qol çəkdilər. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad olundu. Növbədə "Dağlıq Qarabağ"da Azərbaycanın suverenliyini təmin etmək vəzifəsi dayanırdı. Ordumuz bu vəzifəni 2023-cü ilin sentyabrın 19-dan 20-nə keçən gecə - qısa müddətdə həll etdi. On mindən çox erməni əsgəri məğlub edildi, onlar Azərbaycanı tərk edərək Ermənistana getmək məcburiyyətində qaldılar. Bundan sonra, təəssüf ki, Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaq təkliflərimizi qəbul etməyən ermənilər də Qarabağı tərk etdilər. Beləliklə, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyimiz təmin olundu. Bu suverenliyin təmin olunmasında Azərbaycanın Cənubi Qafqazın digər dövlətinə çevrilməsində həlledici məqam, dönüş nöqtəsi - 1993-cü ilin iyun ayının 15-i, Azərbaycanın Milli Qurtuluş Günü, Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsi həlledici rol oynadı. Bu gün Azərbaycan artıq dünyada separatizmin kökünü kəsmiş yeganə dövlətdir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ölkəmizin nüfuzu dünyada durmadan artır. Mötəbər beynəlxalq tədbirlərdə Azərbaycanın səsi, fikri daim diqqətə alınır. Vətəndaş müharibəsindən xilas olduğumuz 1993-cü ilin iyun günləri artıq çoxları tərəfindən unudulub. Bəziləri bilərəkdən bunu təhrif etməyə çalışırlar. Ancaq xalqımız həmin günü heç vaxt unutmayacaq, böyük xilaskar ulu öndər Heydər Əliyevin Azərbaycan üçün çəkdiyi əziyyətləri, göstərdiyi fədakarlıqları daim yad edəcək”.

 

Politoloq Amid Əliyev isə deyib ki, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində 15 İyun – Milli Qurtuluş Gününün özünəməxsus yeri var:

 

İran Azərbaycana qarşı necə münasibət göstərəcəksə, ona uyğun cavabı da  alacaq - Politoloq - AZƏRTAC

 

“Demək olar ki, müstəqilliyimizin qorunub saxlanılmasında bu günün tarixi, siyasi və hüquqi əhəmiyyəti olduqca vacibdir. Siyasi xaos, vətəndaş itaətsizliyi, dövlət idarəçiliyində tam nəzarətsizlik və ərazi bütövlüyümüzün itirildiyi bir şəraitdə ümummulli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması davamlı dövlətçilik və müstəqillik ənənələrinin gələcək nəsillərə ötürülüməsini təmin etdi. Məhz 15 iyundan sonra Azərbaycanda ictimai-siyasi sabitlik, dövlət-vətəndaş münasibətlərində etimadın bərpa olunması və ərazi bütövlüyümüzün beynəlxalq prinsiplərə uyğun şəkildə bərpa olunmasına hədəflənmiş dövlət siyasəti real olaraq icra edilməyə başlandı. Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü həm də siyasi cəhətdən olduqca vacibdir. Dövlətçilik ənənələrinin qorunması, müstəqilliyin təmin olunması və beynəlxalq münasibətlərin vacib aktoru rolunda çıxış etmək ölkəmizin adına yazıldı. Məhz bu tarixdən etibarən Azərbaycanın iqtisadi inkişafı, sosial tərəqqi və müdafiə qabiliyyəti kimi vacib məsələlər öz həllini tapmış oldu. Digər mühüm bir məsələ isə bu günün adı ilə bağlıdır. Belə ki, 15 İyun məhz “milli gün” kimi qeyd olunur. Bu da Azərbaycan xalqının birliyinə, azadlığına və Ulu Öndərin milli-mənəvi dəyərlərə yüksək qiymət verməsindən irəli gəlirdi. Buna görə də 15 İyun həm də azərbaycanlıların milli birlik, milli özündərk və oyanış günü kimi də qiymətləndirilə bilər. Tarixi varislik baxımından da da 15 İyun günü xalqımız üçün bir çox mənada qiymətlidir. Belə ki, Ulu Öndərdən qalan miras etibarlı əllərə ötürüldü. İkincisi, dövlətin davamlılığı qorunub saxlanıldı. Nəhayət, Konstitusiya quruluşu pozulmadı, vətəndaşların etimadı bərpa olundu və sonda ictimai-siyasi sabitlik bərpa olundu. Beləliklə, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan üçün siyasi cəhətdən olduqca mühüm iz qoymuş bir gündür. Bu günün gələcək nəsillərə tam mənasında, əsl məzmunu ilə ötürülməsi olduqca vacibdir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 14 İyun 2025, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin