BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: "Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı"

““İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021-ci ildə söylədiyi tarixi bəyanatın bir hissəsidir. Bu bəyanat sadəcə vəd deyil, həm də həqiqətə çevrilmiş reallaşmış arzunun ifadəsidir. Azərbaycan Ordusu uzun illər ərzində keçdiyi inkişaf yolu ilə bu gün regionun ən güclü hərbi qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılıb. Bu effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsi kimi Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Nüfuzlu "Global Firepower"in 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılmışdır ki, bu da ölkənin müdafiə qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Bu gün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir və dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

O bildirib ki, son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur: “Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silahlı Qüvvələrin büdcəsi durmadan artır. Prezident İlham Əliyevin göstərişinə əsasən, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu, ordunun döyüş qabiliyyətinin artırılması və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ayrılan böyük məbləğdir. 2016-cı ilin 2 apreli tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan ordusunun tam nəzarətinə keçdi. 2018-ci ilin mayında Günnüt zəfəri Azərbaycan Ordusunun daha bir uğuru oldu. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə müharibə başa çatdı. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması məqsədilə lokal xarakterli anti-terror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular və Azərbaycanın suverenliyi tam bərpa edildi. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. "Görünmədən görmək, ölmədən dönmək!" şüarı altında keçirilən təlimlər komando qüvvələrinin yüksək peşəkarlığını təmin edir. Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Universitetin başlıca vəzifələrindən biri Azərbaycan ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yeni mərhələyə daxil oldu. Bir sözlə, Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması prosesi uğurla davam edir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və çoxsaylı birgə təlimlər əməkdaşlığın önəmli istiqamətlərindəndir. Son illər ərzində İsrail ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır. 2020-ci il Vətən müharibəsi dövründə İsraildən alınan pilotsuz təyyarələr və digər silah-sursatlar Azərbaycanın qəti qələbə əldə etməsində mühüm rol oynadı”.

 

Deputat Pakistanla əlaqələrə də toxunub: “Pakistan İslam Respublikası Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biridir. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və İkitərəfli Hərbi Əməkdaşlıq Planı çərçivəsində əməkdaşlıq effektiv şəkildə davam edir”.

 

“Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillərlə təmin olunub. 2025-ci il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb. Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi məqsədilə Milli Müdafiə Universitetinin tabeliyində hərbi kolleclər yaradılıb, kursantlar üçün birdəfəlik və aylıq ödəmələr təsis edilib. Həmçinin məzunlara güzəştli ipoteka krediti imkanları yaradılıb. Aparıcı Qərb mətbu orqanlarında, həmçinin ABŞ-nin Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə daxil edilərək öyrənilir. 26 iyun - Silahlı Qüvvələr Günü sadəcə bayram günü deyil, Azərbaycan ordusunun keçdiyi şanlı yolun və qazandığı tarixi qələbələrin qeyd edildiyi gündür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan hərbçilərinin fədakarlığı nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilib, regionda yeni geosiyasi reallıqlar formalaşıb. Bu gün Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvəsi olaraq öz inkişafını davam etdirir, müasir çağırışlara uyğun yeni struktur və qabiliyyətlər qazanır. Komando qüvvələrinin genişləndirilməsi, Milli Müdafiə Universitetinin fəaliyyəti, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan ordusunun gələcək inkişafının möhkəm zəminini yaradır. "Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı" — bu sözlər təkcə beynəlxalq ekspertlərin qiyməti deyil, həm də Azərbaycan ordusunun bugünkü gücünün və gələcək potensialının əsl ifadəsidir” – N.Həmzəyev vurğulayıb.

Tarix: 26 İyun 2025, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin