BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Emin Əmrullayevin müzakirə yaradan açıqlamasından danışdı: “Direktorlar işdən nə üçün çıxarılıblar? Bəs geri qaytarılma səbəbləri nədir?”

“Elm və təhsil naziri Emin Əmrullayev əvvəlki müsahibələrində olduğu kimi sonuncu müsahibəsində də bir sıra vacib məsələlərə toxundu. Nazirin toxunduğu məsələlərin bir qismi indi də cəmiyyətdə müzakirə olunmaqdadır. Xüsusilə, işdən azad olunduqdan sonra məhkəmə yolu ilə vəzifəsinə qaytarılan direktorlarla bağlı açıqlama cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Hesab edirəm, daha çox bu məsələyə aydınlıq gətirilməlidir. Söhbət nədən və hansı direktorlardan gedir? Geniş açıqlama verilməsinə ehtiyac var. Birincisi, bu direktorlar qanunsuz işdən çıxarılıblarsa, nə üçün çıxarılıblar? Bu, önəmli məsələdir. Bəs həmin direktorların geri qaytarılma səbəbləri nədir? Məsələnin mahiyyəti bundadır ki, ola bilsin, elm və təhsil nazirinin bu açıqlamasından sonra gələcəkdə daha çox müəllim məhkəməyə müraciət edərək işə qayıtmağa çalışsın. Bu tendensiyanı müşahidə edə bilərik. Yox, əgər burada başqa məsələ varsa, buna da aydınlıq gətirilməlidir ki, anlaşılmazlıq olmasın”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

Deputatın sözlərinə görə, elm və təhsil nazirinin açıqlaması göstərir ki, ümumiyyətlə, direktorların işə təyinatında və onların işdən azad olunmaları məsələsində çox ciddi təhlillərə, müzakirələrə ehtiyac var: “Hesab edirəm ki, direktorların vəzifədən azad olunması məsələsində tələsməməliyik. Fəaliyyətində çatışmazlıq, neqativ varsa, həmin direktorun işinə davam etməsinə ehtiyac yoxdur. Amma direktor yaxşı işləyirsə, işinə ciddi yanaşırsa, məsuliyyətlidirsə, onunla bağlı məsələlərə daha həssas yanaşmalıyıq. Direktorların bu formada işdən azad olunmalarına yol verməməliyik. Son proseslər göstərir ki, məktəblərdə daha çox təcrübəli müəllimlərə, direktorlara ehtiyacımız var. Bəzi məktəblərdə direktor işdən azad olunub, ondan sonra bir neçə şəxs vəzifəyə təyin edilib, amma hələ də məktəbdə fəaliyyəti tam bərpa etmək mümkün deyil. Bir daha qeyd edirəm, direktorlar təcrübəli, bilikli, insanlarla işləməyi bacaran müəllimlər arasından seçilməlidir ki, belə hallar yaranmasın”.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyul 2025, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin