BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu güllələyən şəxsə elektron qolbaq taxıldı

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Elnur Əliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsindən CM-in 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş) maddəsinə tövsif olunub. Belə ki, Elnur Əliyev CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib və o, 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 31 may 2024-cü il tarixdə, saat təxminən 19 radələrində Ağsu rayon Padar kəndində qeydə alınıb.

 

Belə ki, Elnur Əliyev həmkəndlisi, zərərçəkmiş Sahib Osmanovun yaşadığı sözügedən kənddə yerləşən evin yaxınlığına gedib. O, zərərçəkmiş şəxsdən onun evinin qarşısından keçən su arxının kol-kosdan təmizlənməsini tələb edib. Sahib də səhhətində olan problemlərə görə təmizləyə bilməyəcəyini deyib. Bu səbəbdən zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə söyüb təhqir edib. Sonra Elnur ov tüfəngi ilə zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə havaya bir dəfə atəş açıb. Daha sonra o, həmin silahla bir dəfə atəş açıb Sahibin sol qol nahiyəsindən vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

 

Ağsu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 9 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2025, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin