BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanı söz və mətbuat azadlığının olmamasına görə ittiham etməkdənsə, özünüzə sual verin ki, niyə yoxsunuz?”

“Azərbaycanda radikal müxalifət yenə öz köhnə ampluasındadır. Dezinformasiya, şər-böhtan ifrazı ilə məşğuldur. Yenə də başlayıblar ki, guya Azərbaycanda söz və mətbuat, ifadə azadlığı yoxdur. Əslində Azərbaycanda siz yoxsunuz! Bəli, sənəddə, forma baxımından varsınız, amma mahiyyət və məzmun etibarilə siz Azərbaycanda yoxsunuz. Müxalif siyasi partiyanın sosial bazası, dəstəkçisi yoxdursa, sosial şəbəkələrdə paylaşımlarını qohum-əqrəbalarından başqa heç kim oxumursa, onda, deməli, siz yoxsunuz. Özünüz yox ola-ola Azərbaycanda olanları inkar etmək istəyirsiniz. Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Mətbuatımızın yaranmasının 150-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Azərbaycan mətbuatı inkişafdadır və ona böyük dövlət qayğısı var. Azərbaycanda hər kəs öz fikrini ifadə etmək azadlığına malikdir. Əhalimizin 80%-dən çoxu sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkə istifadəçisi olmaq sanki özünün qəzeti, jurnalı, mətbu orqanı olmaq deməkdir. Çünkü öz profillərində hər şeyi yaza, istənilən mövqe ifadə edə bilirlər. Bəziləri hətta həddini də aşır, bunu qanunu pozaraq edirlər. Gəlin Azərbaycanı söz və mətbuat azadlığının olmamasına görə ittiham etməkdənsə, özünüzə sual verin ki, niyə yoxsunuz?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Niyə seçkilərdə iştirak edə bilmirsiniz? Niyə seçkilərdə iştirak etməməyinizin səbəbini xalqdan gizlədirsiniz? Buna görə seçkilərə qatılmırsınız ki, məğlubiyyəti etiraf etmək gücünə də malik deyilsiniz. Güclülər etiraf etməyi bacarırlar. Hətta uğursuzluğu da. Sizdə o güc də yoxdur, etiraf edəsiniz ki, Azərbaycan xalqı niyə sizi müdafiə etmir, arxanızda deyil? Buna görə də gəlin, iqtidarı belə məsələlərdə ittiham etməyək. Azərbaycan xalqının gözü tərəzidir. Xalq hər şeyi çox yaxşı görür. Xalqımız məhz bu iqtidarın siyasətini dəstəkləyir, həm də birmənalı şəkildə. Sizə məsləhət görürəm ki, papağınızı qarşınıza qoyun, düşünün ki, niyə Azərbaycanda hörmətiniz, nüfuzunuz, sosial dayaqlarınız, bazanız yoxdur? Bunun səbəblərini bilib, özünüzü transformasiya edə, dəyişə  bilsəniz, islahatları birinci özünüzdən başlasanız, bəlkə də, gələcəyinizlə bağlı müəyyən ümidlərə malik ola bilərsiniz. Əks halda, qatar doğrudan da çoxdan gedib və siz onun arxasınca baxırsınız. Hərdən də əlinizə daş alıb, atırsınız. İndiki ittihamlarınız da qatarın ardınca atılan daşa bənzəyir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyul 2025, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin