BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat dini ayinə görə həbs edilənlərdən danışdı: “Guya bu, ölkə rəhbərliyi tərəfindən hansısa şəxslərə qarşı məqsədli atılan addımdır”

““Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, dini ayinlər və mərasimlər yalnız dini ibadət yerlərində keçirilə bilər. Bu insanların tam haqqı, hüququdur. Kimsə dini aksiya və ya ayinləri ibadət yerlərində deyil, başqa yerdə keçirirsə, hüquq-mühafizə orqanlarının tam səlahiyyəti çatır ki, qanunauyğun şəkildə aksiya və ya ayin keçirənləri cəzalandırsın. Bir qrup şəxs Xəzər rayonu ərazisində ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməsi nəticəsində həbs edilib. Bu tədbir hüquq-mühafizə orqanları tərəfindən məhz qanun çərçivəsində, müvafiq qanunun tələblərinə uyğun həyata keçirilib. Bu cür addımları atanlar qanunları və Konstitusiyanı yaxşı bilməlidirlər, hərçənd ki bilirlər. Əgər qanunu bilə-bilə aksiya keçiriblərsə, deməli, məqsədli şəkildə qanunu pozmuş hesab edilirlər. Hüquq-mühafizə orqanları, Azərbaycan polisi də qanunun tələbini yerinə yetirib. Burada hansısa siyasi sifariş, məqsəd axtarmağın heç bir əsası yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

“Dünəndən izləyirəm, sosial mediada həmin aksiya ilə bağlı müxtəlif videolar paylaşılır. Hiss olunur ki, onların bir qismi ölkəmizdə yox, kənarda hazırlanıb. Təbliğat aparılır ki, guya bu, ölkə rəhbərliyi tərəfindən hansısa şəxslərə qarşı məqsədli atılan addımdır. Belə aksiyalara son qoymaq lazımdır. Hansısa sifarişdən, dövlət tərəfindən məqsədli atılan addımdan söhbət gedə bilməz. Söhbət qanunun pozulmasından gedir. Vətəndaşlarımız bilməlidirlər ki, hər birimiz qanuna tabe olmalıyıq. Kimsə hətta qanunu pozmağa cəhd etsə, Azərbaycan hüquq-mühafizə orqanları bu addımın da qarşısını qətiyyətlə alacaq, zəruri tədbirlər həyata keçirəcək. Bunu birmənalı olaraq hər kəs bilməli və nəzərə almalıdır”, - deputat qeyd edib.

 

Aytəkin Qardaşova

Tarix: 19 Avqust 2025, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin