BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Dövlət universitetlərində ödənişli əsaslarla təhsilin ləğvinin əleyhinəyəm”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev təhsil haqlarının, eləcə də dövlət əsaslı ixtisas ballarının qaldırılması, yataqxana qiymətlərinin bahalaşması fonunda müzakirələr zamanı ödənişli ixtisaslara qəbul olan minlərlə gəncin imkansızlıq səbəbindən oxumaqdan imtina etmələri, eləcə də dövlət universitetlərində ödənişli ixtisasların ləğv ediləcəyi barədə fikirlərə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu gün ölkədə ali təhsil müəssisələrinin qəbul planının 96,27%-i yerinə yetirilib.

 

S.Vəliyev vurğulayıb ki, “ali təhsil almaq istəyi azalıb”, yaxud “ali təhsildən imtina edirlər” kimi hallar yoxdur: “28 avqustdan 8 sentyabradək ali məktəblərə qeydiyyat prosesi başlayıb. Qeydiyyat prosesinin sonunda boş qalan yerlərə baxdıqda belə şərhlər vermək olar. Hazırda bu cür fikirlərin söylənilməsi məntiqəuyğun deyil. “Dövlət universitetlərində ödənişli əsaslarla təhsil olmamalıdır” fikri ilə razı deyiləm, əleyhinəyəm. Hesab edirəm, dövlət təhsil müəssisələrində ödənişli əsaslarla da təhsil almaq normal haldır. Dövlətin müəyyən etdiyi qəbul planı çərçivəsində dövlət hesabına təhsillə ödənişli təhsilin paralel olmasında maneə yoxdur. Bu da normal haldır. Əvvəla, nəzərə almalıyıq ki, ümumiyyətlə, təhsil müəssisələri ödənişli əsaslarla tələbə qəbul edirlərsə, bu, birinci növbədə onların maliyyə vəziyyətinin yaxşılaşması deməkdir. Öz növbəsində həmin vəsait pedaqoji heyətin, professor-müəllim heyətinin əməkhaqqına müsbət təsirini göstərmiş olur, onların elmi fəaliyyət istiqamətində gördükləri işlərin təşviq olunmasına, stimullaşdırılmasına, lazımi maddi-texniki bazanın gücləndirilməsinə böyük təsirini göstərir”.

 

Aytəkin Qardaşova

Tarix: 29 Avqust 2025, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin