BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Lazım gəlsə, hansısa döyüş texnikasının təkərini də dəyişərəm”

Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə axın başlayıb. Minlərlə vətəndaş könüllü olaraq döyüşmək üçün müraciət edir.

 

Maraqlıdır, belə məqamda siyasi partiya rəhbərləri necə, səfərbərlik üçün müraciət emək niyyətindədirmi?

 

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə artıq Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən könüllü kimi qeydiyyata alındığını bildirib:

 

"Könüllü döyüşə getmək üçün aidiyyatı qurumda rəsmi qeydiyyatdan keçdim",- deyə İ.Ağazadə bildirib. O, hələ üç gün öncədən Ali Baş Komandana müraciət edərək, cəbhədə döyüşə hazır olduğunu vurğulayıb.

 

Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, ailəlikcə səfərbər olmağa hazırdırlar: "Əvvəllər Səfərbərlik Xidməti bəyan etmişdi ki, hərbi çağırış qanunlar vasitəsi ilə müəyyən müddətdən bir olur. Amma Prezident könüllü olaraq səfərbərliklə bağlı çağırıç etdikdən sonra biz fikir veririk ki, artıq bütün rayon və şəhərlədə insanlar könüllü kimi qeydiyyata düşmək istəyir. Bu, bizim xalqımızın böyüklüyünü göstərir və insan qürur duyur. Yaşım imkan verməsə də, hər zaman könüllü döyüşə biləcəyimi bildirmişəm. Amma indi səfərbər olmaq üçün müraciət etsəm də, məni qeydiyyata almazlar. Milli Məclisdə də dəfələrlə çıxış edib bildirmişəm ki, döyüşdə iştirak etməyi Allah mənə də, övladlarıma da göstərsin. Sizi inandırım ki, mənim qızım da bu gün döyüşdə işirak etmək üçün hazırdır, nəinki oğullarım. Ailəlikcə vətəndən ötrü döyüşə girməyə hazırıq. Ali Baş Komandanın əmri olan zaman tərəddüdsüz biz də səfərbər olacağıq".

 

Müsavat Partiyasının başqanı Arif Hacılı yaşlı adamın səfərbərlik üçün müraciətinin populizm olduğunu deyir: "Mənə elə gəlir ki, 60 yaşda adamın səfərbərliyə müraciət etməsi populizmdir. Ancaq Azəbaycan hakimiyyəti mənə icazə versə, ordunun, cəmiyyətinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda orduda ruh yüksəkliyinin qaldırılması məqsədi ilə də əsgərlər qarşısında çıxış edə bilərəm. Yəni ürək əməliyyatı olunmuş, ürəyində 4 stend olan adamam. Bu gün Səfərbərlik İdarəsinə gedib qeydiyyata alınmaq istəyim qeyri-ciddi olar. Populist olsam, belə addım atardım yəqin ki. Əvvəllər necə ki, qoşunlarımızı əzmkar olmağa ruhlandırmışam, indi də o qayda ilə fəaliyyət göstərə bilərəm".

 

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səfərbərliyə yaşının çatmadığını bildirib: "Mən ehtiyatda olan zabit-həkiməm. Yalnız tibbi sahədə fəaliyyət göstərmişəm. Azərbaycan Ordusunun nizamnaməsinə görə, mən yaşda adamı orduya götürməzlər. Amma hamıya çağırış edirəm ki, gedib səfərbərlik üçün qeydiyyatdan keçsinlər".

 

Ağ Partiyanın sədri Tural Abbaslı deyir ki, lazım gəlsə, hansısa döyüş texnikasının təkərini də dəyişər: "Qarabağ məsələsindən söhbət düşəndə biz siyasi partiya olaraq işğal olunmuş torpaqlarımızın azad olunması üçün üzərimizə düşən istənilən işi istənilən formada icra etməyə hazırıq. Yəni sabah dövlətin ehtiyacı olub deyərsə ki, biz müharibə aparırıq, siyasi partiyalar birgə iş görməlidir, onda biz ilk sırada olacağıq. Yaxud da desələr ki, Qarabağda döyüş var və siyasi partiyalar fəaliyyətini dayandırsın, onda biz partiyanın fəaliyyətini dayandıracağıq. Yəni siyasi fiqur kimi də, müsəlləh əsgr kimi də dövlətə dəstək verəcəyik. Qarabağın azad olunması məsələsində müxalifət-iqtidar söhbəti olmalı deyil, burda birinci komandirlərin dediyi olmalıdır. Bəli, ehtiyac olarsa, səfərbərliyə müraciət edəcəm".Modern.az

Tarix: 17 İyul 2020, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin