BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Azərbaycanda xalq-hakimiyyət birliyi olduğuna görə Nepal və digər ölkələrdəki proseslər burada baş vermir”

“AXCP sədri Əli Kərimli yenə öz köhnə ampluasındadır. Ümumiyyətlə, bu şəxsin və onun rəhbəri olduğu siyasi qurumun fəaliyyəti yalnız ayrı-ayrı hallarda küçədə müəyyən hərəkətlilik nümayiş etdirməklə yekunlaşır. Bu zaman stəkanda fırtına yaradırlar ki, guya onların hərəkatına maneə oldular, polis onların hərəkətini pozmaq istədi və sairə. Sentyabrın 14-də Şəhidlər Xiyabanını ziyarət ediblər. Yenə də eyni ittihamlar səsləndirirlər ki, süni maneələr yaradılıb. Radikal müxalifət “Bəlkə də, qaytardılar” sevdası ilə yaşayır. Bu və ya digər ölkələrdə konkret səbəblər və motivlər ucbatından hər hansı dəyişiklik baş verərkən ilhamlanırlar. İndi isə Nepaldakı proseslərdən ilhamlanıblar. Azərbaycana da bu proseslərin transfer edəcəyi, gərginlik ocağı yaradılacağı, səfərbər olunmuş cəmiyyətin parçalanacağı, vətəndaş həmrəyliyinin dağılacağı ilə bağlı ümidlər, xəyallar içində yaşayırlar. Hələ də röyadadırlar. Utopik düşüncələrdən ayrıla bilmirlər. Gah Venesuelada, gah Misirdə, gah da bir müddət öncə Belarusda yaşanan müəyyən siyasi kataklizmlər fonunda bunların “çiçəyi çırtlayır”, ümidlənməyə başlayırlar ki, niyə oxşar proseslər Azərbaycanda olmasın? Niyə Nepaldakı indiki gərginlik və qarşıdurma mühiti Azərbaycanda təkrarlanmasın?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Üzümü tuturam Əli Kərimli və onun ətrafındakılara! Söyləyirəm ki, ayı yuxusundan ayılın. Bilin ki, Azərbaycan dediyiniz ölkələrdəki eksperimentlərin təkrarlanması üçün bir məkan seçilməyib. Ünvanı səhv salmısınız. Azərbaycanda buna görə Nepal və digər oxşar ölkələrdəki proseslər baş vermir və təkrarlanmır ki, Azərbaycanda xalq-hakimiyyət birliyi var. Xalq öz Prezidentinə xilaskar kimi baxır, onun ətrafında monolit birlik nümayiş etdirir. Sonuncu prezident seçkilərində 92,12% səs məhz cənab İlham Əliyevə verildi. 77%-lik seçici fəallığı oldu. Sizin müqayisə etmək istədiyiniz ölkələrdə isə vətəndaş həmrəyliyi, səfərbər olmuş cəmiyyət yoxdur, heç bir zaman dediyimiz faiz nəticələri əldə edilmir. Özünüz üçün əsas məkan kimi seçdiyiniz, gecə-gündüz sitayiş etdiyiniz bəzi Avropa ölkələrində seçici fəaliyyəti heç 20-30% olmur. Absenteizm cərəyanı geniş yayılıb. Yəni seçkilərdə iştirak etməmək xüsusi cərəyan kimi özünü göstərir. Azərbaycanda isə belə deyil. Xalqımız öz Prezidentinin ətrafında monolit qüvvə kimi birləşib. Xalq özündə bir vəfa borcu hesab edir ki, belə bir Prezidenti tarixi yazıb, hər zaman onu dəstəkləsin, yanında olsun. Çünki Prezidentimiz məhz xalqın mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bunu bacarır və xalqın hörmətini, ehtiramını qazanıb. Cənab Prezidentin Füzuli, Xocavənd və Xocalı səfərlərini, orada soydaşlarımızla keçirdiyi görüşləri, ata-baba yurdlarına qayıdan sakinlərin cənab Prezidentimizə sevgisini, yəqin ki, Əli Kərimli və onun ətrafı televiziya kanallarından izləyirlər. Budur xalqın mövqeyi, Prezidentə olan etimadı. Siz isə Azərbaycan tarixində bir epizodsunuz. Ara-sıra sosial şəbəkələrdəki yazılarınız olmasa, hərdənbir xüsusi günlərdə beş-on nəfər tərəfdaşınızla küçələrdə getməsəniz, inanın ki, sizin varlığınızdan heç kimin xəbəri olmaz. Heç kim bilməz ki, Əli Kərimli və onun ətrafında müəyyən adamlar var. Hələ bu fəaliyyətinizə davam edin. Çünki xalq sizin kimliyinizi gözəl bilir. Xalqın gözü tərəzidir, sizi çoxdan siyasi səhnədən birdəfəlik silib. Bunun fərqindəsiniz və bununla barışmalısınız. İnanın, sizin Azərbaycan tarixində ən böyük xidmətiniz bu olar ki, öz yerinizi gənc bir insana təhvil verəsiniz. Qoy gəlsin, müxalif fəaliyyətlə məşğul olsun. Siz isə artıq zamanınızı keçirmisiniz. Sizin nəinki Azərbaycana, heç müxalifətin özünə də faydanız qalmayıb. Faydalılıq əmsalınız o qədər aşağı düşüb ki, onu ifadə etməyə rəqəm tapa bilmirəm”, - deputat deyib.

 

Aytəkin Qardaşova

Tarix: 16 Sentyabr 2025, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin