BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışına xəsarət yetirən şəxsin cəzasını azaltdı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Həsən Qulusoy və Məlik Vahidovun (hər iki şəxsin adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti və Həsən Qulusoy un apellyasiya şikayəti təmin edilməyib. Məlik Vahidovun isə apellyasiya şikayəti qismən təmin olunub. Cəlilabad Rayon Məhkəməsinin hökmü Məlik Vahidova verilmiş ittihamla bağlı hissədə dəyişdirilib. Onun əməli Cinayət Məcəlləsinin 221.1-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilib və onun qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11 ay müddətinə islah işləri təyin edilib. Məlik Vahidova təyin edilmiş 11 ay islah işləri cəza müddətini əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab olunub.


İttihama görə, hadisə 02 aprel 2024-cü il tarixdə, saat 09 radələrində Cəlilabad rayonu, Muğan kəndində baş verib.


Belə ki, təqsirləndirilən Həsən Qulusoy həmin vaxt kənd ərazisində yerləşən çayxananın qarşısında həmkəndlisi və tanışı olan Məlik Vahidova nalayiq ifadələr işlədib. O, əxlaq və mənəviyyat normalarına açıq hörmətsizlik nümayiş etdirərək cəmiyyətdə qəbul olunmuş davranış qaydalarını pozub. Sonra Həsən Qulusoy Məlik Vahidovun üz nahiyəsinə yumruqla zərbəsi vurub. Nəticədə sonuncu yerə yıxılıb və qarının sağ yarısında qançır və sıyrıq xəsarətləri alıb.


Daha sonra təqsirləndirilən Həsən xuliqanlıq hərəkətlərini davam etdirərək, yerdə uzanıqlı vəziyyətdə olan şəxsin üz nahiyəsinə yumruqla, bud nahiyəsinə isə təpiklə zərbələr endirib. Nəticədə onun sağ almacıq nahiyəsində qançır, sağ baldırında isə sıyrıq müşahidə olunub.


Eyni zamanda Məlik Vahidov da Həsən Qulusoyu vuraraq ona bədən xəsarəti yetirib.


Hadisədən sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 


Tarix: 23 Sentyabr 2025, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin